Kənd müəllimlərinə şad xəbər: Kommunal xərclərdən azad edilə bilərlər

Kənd müəllimlərinə şad xəbər: Kommunal xərclərdən azad edilə bilərlər
14:10

Ucqar kəndlərdə çalışan müəllimlərin sosial təminatı uzun müddətdir müzakirə mövzusu olaraq qalır. Xüsusilə, kommunal xidmətlərin baha olması bu bölgələrdə həm müəllimlərin, həm də ümumilikdə əhalinin yaşayışını çətinləşdirən əsas amillərdən biridir. Maraqlıdır, kənddə yaşayan müəllimlərə işıq, qaz, su və internet xərcləri ilə bağlı güzəştlər tətbiq oluna bilərmi?

Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, mövzu gündəmdə olmasa da, belə bir addımın atılması doğru olardı.

Ekspertin sözlərinə görə, kommunal güzəştlər təkcə müəllimlərə deyil, ümumilikdə ucqar və dağ kəndlərində yaşayan bütün əhaliyə şamil edilməlidir:

“Təəssüf ki, hazırda belə bir məsələ müzakirə olunmur. Halbuki bu, olduqca vacib addım olardı. İnsanların öz yurdlarını tərk edib böyük şəhərlərə köçməsinin əsas səbəblərindən biri də kommunal xidmətlərin baha olmasıdır”.

Natiq Cəfərli qeyd edib ki, kənd yerlərində, xüsusən də dağ kəndlərində evlərin sahəsi böyük olur və qazla isitmə ciddi maliyyə yükü yaradır:

“Sahəsi geniş olan evlərin qızdırılması böyük vəsait tələb edir. Bu problem xüsusilə dağ və ucqar kəndlərdə yaşayan ailələr üçün daha kəskindir. Ona görə də kommunal xidmətlərdə güzəştlər mütləq müzakirə edilməlidir”.

Ekspert əlavə edib ki, bir çox ölkələrdə ucqar və çətin iqlim şəraitində yaşayan əhali üçün kommunal sahədə xüsusi güzəşt mexanizmləri mövcuddur və Azərbaycan üçün də bu təcrübədən yararlanmaq mümkündür. /// KONKRET.az


Sizin reklam burada
Sizin reklam burada