Kamran Əsədovun abituriyentlərə sual ötürməsində valideynlər də məsuliyyət daşıya bilər

Kamran Əsədovun abituriyentlərə sual ötürməsində valideynlər də məsuliyyət daşıya bilər
14:07

Bir neçə gündür, imtahan suallarının abituriyentlərə ötürməsi ilə gündəmə gələn təhsil eksperti Kamran Əsədovla bağlı müzakirələr davam edir. İctimaiyyətdə tanınmış ekspertin əməli geniş səs-küy yaradıb. Bir çoxları onun əli ilə saxta yolla universitetə qəbul olan abituriyentlərin təhsil aldıqları ali təhsil müəssisələrindən kənarlaşdırılmalarını, onların valideynlərinin də məsuliyyətə cəlb olunmasınıı tələb edirlər.

 

Bu barədə tanınmış hüquqşünas Ramil Süleymanov deyib ki, Kamran Əsədovun əməli sübuta yetirilərsə, məhkəmənin prosessual qərarı mövcud olacaq.

 

“Qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğu, eyni zamanda həmin faktlara məhkəmə tərəfindən artıq qiymət verildiyi müəyyən olunduğu üçün sözügedən tələbələrin universitetdən xaric olunmaları, yaxud təkrar imtahana cəlb olunmaları məsələsinə yenidən baxıla bilər. Həmçinin suallar ötürülübsə, həmin gənclərin valideynlərinin də birmənalı şəkildə hüquq-mühafizə orqanları, məhkəmə qarşısında məsuliyyət məsələsi müəyyən olunacaq. Çünki bu işdə bilə-bilə cavabların əldə olunması, imtahan nəticələrinin saxtalaşdırılması halı var. Buna görə də həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb olunması məsələsi gündəmdədir. Hazırda Kamran Əsədov barəsində hər hansı məhkəmə hökmü olmadığına görə onun təqsirsizlik prezumpsiyasına da hörmətlə yanaşmağımız vacibdir", - hüquqşünas bildirib.

 

 

Xatırlatma: Təhsil eksperti Kamran Əsədov qəbul imtahanlarında abituriyentlərin ayaqqabısında gizli kamera, səsötürücü və nano qulaqcıq yerləşdirərək cavabların ötürülməsində ittiham olunur. Faktla bağlı onun barəsində cinayət işi açılıb və məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Cinayət işinin başlanmasına səbəb Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edilməsi olub. DTX-dən göndərilən materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb. /// pravda.az


Sizin reklam burada
Sizin reklam burada