Ölkədə sosial rifah və gəlirlər məsələsi yenidən gündəmə gəlib. Xüsusilə də yeni ilin yaxınlaşması fonunda vətəndaşları maraqlandıran əsas suallardan biri dövlət və özəl müəssisələrdə maaşların artırılıb-artırılmayacağı ilə bağlıdır. Maraqlıdır, gələn ildən dövlət və özəl müəssisələrdə maaşlar nə qədər artırılacaq?
Mövzunu İqtisadçı Xalid Kərimli bildirib ki, hazırda nə dövlət, nə də özəl sektor üzrə maaş artımı ilə bağlı hər hansı rəsmi plan açıqlanıb.
Onun sözlərinə görə, özəl sektorda əmək haqları bazar şərtləri və müəssisələrin maliyyə imkanları əsasında müəyyən olunur və dövlət bu sahəyə birbaşa müdaxilə edə bilməz.
“Dövlət özəl sektora maaşların nə qədər artırılacağını diktə etmək səlahiyyətinə malik deyil”, – iqtisadçı vurğulayıb.
Xalid Kərimli qeyd edib ki, minimal əmək haqqının da gələn il artırılması gözlənilmir. Dövlətin əməkhaqqı bazarına əsas müdaxilə aləti məhz minimal əmək haqqıdır.
İqtisadçının sözlərinə görə, dövlətin rəsmi sənədlərində gələn il orta aylıq əmək haqqının 7,6 faiz artacağı proqnozlaşdırılır, lakin bu, məcburi öhdəlik deyil və yalnız ehtimal xarakteri daşıyır.
“Bu proqnozdur. Dəqiq olaraq maaşların nə qədər artacağı ilə bağlı qərar yoxdur”, – deyə o, əlavə edib.
İqtisadçı qeyd edir ki, son 4 ay ərzində orta aylıq əmək haqqı göstəricilərində azalma müşahidə olunur, bu da yaxın perspektivdə kütləvi maaş artımı ehtimallarını zəiflədir.
Beləliklə, hazırkı mərhələdə gələn ildən maaşların konkret məbləğ və ya faizlə artırılması ilə bağlı nə dövlət, nə də özəl sektor üzrə rəsmi qərar mövcuddur./// KONKRET.az