Ermənistanda son vaxtlar siyasi diskursda ön plana çıxan “dördüncü respublika” anlayışı ölkənin gələcək siyasi kursu ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bu ifadə hüquqi baxımdan yeni dövlət quruluşunun yaradılması anlamına gəlməsə də, Ermənistanın dəyişən regional reallıqlara uyğunlaşmaq məcburiyyətinin siyasi ifadəsi kimi qiymətləndirilir.

Siyasi şərhçi Aytən Qurbanovanın News365.az-a sözlərinə görə, “dördüncü respublika” ideyasının ətrafında formalaşan müzakirələr həm Ermənistan daxilində hakimiyyət uğrunda mübarizənin, həm də Cənubi Qafqazda dəyişən geosiyasi mənzərənin təsirini əks etdirir.
Ekspert hesab edir ki, müxalif deputat İşxan Saqatelyanın Türkiyəni “memar”, Azərbaycanı “konstruktor”, Avropa ölkələrini isə “dizayner” adlandırması Ermənistanın xarici və təhlükəsizlik siyasətindəki yeni istiqamətlərə siyasi etirazın ifadəsidir.
“Burada hüquqi baxımdan yeni respublikanın yaradılmasından söhbət getmir. Məsələ Ermənistanın dövlətçilik modelinin və xarici siyasət prioritetlərinin dəyişməsindən ibarətdir. Bu proses isə regionda uzun illər mövcud olmuş status-kvonun aradan qalxması ilə birbaşa bağlıdır”, - deyə Aytən Qurbanova bildirib.
Onun fikrincə, 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın hərbi-siyasi, iqtisadi və nəqliyyat imkanlarının əhəmiyyətli şəkildə artması Ermənistanın əvvəlki təhlükəsizlik konsepsiyasını ciddi şəkildə sarsıdıb.
“Ermənistanın uzun müddət söykəndiyi təhlükəsizlik modeli artıq əvvəlki formada işləmir. Rusiya ilə münasibətlərdə yaranan problemlər fonunda İrəvanın Qərblə əməkdaşlığı genişləndirməsi, Türkiyə ilə normallaşma xəttini davam etdirməsi və Azərbaycanla sülh gündəliyini ön plana çıxarması da məhz bu yeni reallığın nəticəsidir”, - ekspert vurğulayıb.
Aytən Qurbanova Türkiyə-Ermənistan münasibətlərinin gələcək inkişafını da Ermənistanın yeni siyasi kursunun mühüm istiqamətlərindən biri hesab edir. Onun sözlərinə görə, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması, sərhədlərin açılması və regional nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası Ermənistan üçün uzunmüddətli təcriddən çıxış imkanları yarada bilər.
Ekspertin qənaətinə görə, “dördüncü respublika” ifadəsinin Ermənistan siyasi gündəmində meydana çıxması əslində yeni dövlətin elanından daha çox, ölkənin əvvəlki geosiyasi və təhlükəsizlik yanaşmalarından uzaqlaşaraq fərqli regional reallığa uyğunlaşma cəhdi kimi xarakterizə oluna bilər.