"Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi dövlət cinayətləri sırasında mina terroru xüsusi qeyd edilməlidir. Ümumiyyətlə, müharibə bölgələrində və müharibədən sonrakı dövrlərdə mina təhlükəsinə qarşı beynəlxalq təşkilatların daha effektiv mübarizə mexanizmləri işləyib hazırlaması vacibdir. "
Politoloq Tural İsmayılov bunu News365.az-a açıqlamasında deyib.
"Təəssüflər olsun ki, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra da Ermənistanın müxtəlif ərazilərdə yerləşdirdiyi minalar səbəbindən Azərbaycan vətəndaşları həlak olmağa və ya ağır yaralanmağa davam edirlər.
Azərbaycan mina partlayışları ilə bağlı bütün məlumatları operativ şəkildə dünya ictimaiyyətinə çatdırsa da, bu günə qədər beynəlxalq humanitar təşkilatlar Ermənistanın bu cinayətlərinə qarşı heç bir ciddi təzyiq göstərməyiblər. Mina terroruna qarşı lazımi addımlar atılmasa, bu cür mənfi presedentlərin dünyanın müxtəlif bölgələrində də təkrarlanması ehtimalı böyükdür. Çünki Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru cəzasız qaldıqca, gələcəkdə dünyanın başqa yerlərində də bu taktikanın bir silah və təzyiq vasitəsi kimi istifadə edilməsi təhlükəsi artır.
Hesab edirəm ki, Ermənistan indiyə qədər minalar səbəbindən həlak olan və ya yaralanan Azərbaycan vətəndaşlarına görə təzminat ödəməlidir. Bununla yanaşı, Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməməsi, yaxud da təqdim etdiyi xəritələrin böyük əksəriyyətinin saxta olması beynəlxalq ictimaiyyətin də məsuliyyət daşıdığını göstərir. Ermənistan bilərəkdən yanlış və ya natamam xəritələr təqdim etməklə, bölgədə təhlükəni davam etdirir və insan həyatına qəsd edir. Bu isə yalnız Ermənistanın deyil, eyni zamanda bu cür cinayətlərə səssiz qalan beynəlxalq qurumların da məsuliyyətini gündəmə gətirir.
Mina terrorunun qarşısını almaq və gələcəkdə oxşar halların baş verməməsi üçün beynəlxalq təşkilatlar konkret siyasi və hüquqi tədbirlər görməli, Ermənistanın bu cinayətlərinə görə məsuliyyət daşımasını təmin etməlidirlər."