"Bu açıqlamaların hər biri son illərdə həm Ermənistanın baş naziri Paşinyanın, həm də Ermənistan rəsmilərinin, o cümlədən Simonyanın bəyanatlarında açıq-aşkar ziddiyyətlərin, bir-birini təkzib edən açıqlamaların mövcud olduğunu bir daha sübut edir."
Politoloq Sahil Kərimli bunu News365.az-a açıqlamasında deyib
"Bütün bu proses isə məqsədyönlü şəkildə idarə olunur ki, süni şəkildə problemlər yaradılsın və onsuz da həssas olan bu mühitdə əlavə maneələr meydana gəlsin.
Politoloq qeyd edir ki, Simonyanın dedikləri absurddur:
"Simonyanın Qarabağa ermənilərin yenidən qayıtması ilə bağlı dedikləri absurddur. Çünki erməniləri Qarabağdan heç kim zorla çıxarmayıb. Bütün dünya ictimaiyyətinin gözü qarşısında Azərbaycan ərazilərində, Qarabağ bölgəsində yaşayan ermənilər tamamilə öz istəkləri ilə bu əraziləri tərk etdilər. Hətta onlara dəfələrlə təklif olundu ki, Azərbaycan vətəndaşlığını qəbul edərək Azərbaycan dövlət atributları altında, Azərbaycan vətəndaşı kimi yaşayaraq bütün hüquqlardan istifadə edə bilərlər.
Amma onlar nə etdilər? Azərbaycan vətəndaşlığını qəbul etməkdən imtina etdilər və öz iradələri ilə ərazini tərk etdilər. İndi isə ermənilərin Qarabağa qayıtması məsələsinin gündəmə gətirilməsi absurddur və gülünc açıqlamalardır. Simonyan bu bəyanatlarla vəziyyəti yenidən gərginləşdirməyə çalışır. Eyni zamanda, bu açıqlamalar daxili auditoriyaya hesablanmış manipulyativ bəyanatlardır.
Simonyan həmçinin sülh danışıqları prosesində vasitəçilik məsələsinə də toxunub və Rusiyanın vasitəçiliyindən imtina ilə bağlı bəyanat səsləndirib. Ancaq Simonyan da, Rusiya da yaxşı anlayır ki, Azərbaycanın bu məsələdə prinsipial və qəti mövqeyi var."