Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahov yarım milyondan çox yeyinti ittihamı ilə hakim qarşısına çıxarılıb.
News365.az xəbər verir ki, qafqazinfo-nun məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışlıq iclası keçirilib.
Həbsdə olmayan Mehdi Əmrahov barəsində ibtidai istintaq başlayandan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdi. Bugünkü iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.
Hakim təqsirləndirilən şəxsdən bu günə qədər məhkəmədə iştirak edib-etmədiyini soruşub. Əmrahov suala “heç “uçastkovıy”a da düşməmişəm” - deyə cavab verib. Bundan başqa o, iclasda laqeyd münasibəti ilə diqqət çəkib.
Neymət Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası qısa müşavirənin ardınca təqsirləndirilən şəxsin həbs edilməsinə qərar verib. Əmrahov zalda qandallanaraq təcridxanaya göndərilib.
Əsas iclas iyulun 20-si keçiriləcək.
Qeyd edək ki, təqsirləndirilən Əmrahov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur. Dəymiş ziyan ödənilmədiyi halda bu cinayətə görə 10 ildən 14 ilə kimi həbs cəzası nəzərdə tutulur.