Makaron böhranı: Zəhərli metallar tapıldı

Makaron böhranı: Zəhərli metallar tapıldı
18:05

Fransada aparılan araşdırma makaronla bağlı diqqətçəkən nəticələr ortaya qoyub. Ölkədə satışda olan 36 fərqli makaron məhsulundan 34-də insan sağlamlığı üçün potensial təhlükə yarada bilən ağır metal – kadmium aşkarlanıb.


News365.az xəbər verir ki, araşdırma Fransanın istehlakçı hüquqları jurnalı “60 Millions de consommateurs” tərəfindən həyata keçirilib. Tədqiqat zamanı ölkədə geniş istifadə olunan Barilla, Lustucru və Panzani kimi məşhur brendlərin məhsulları da daxil olmaqla, 36 növ makaron araşdırılıb.


Nümunələrin 34-də kadmium aşkar edilsə də, müəyyən edilən miqdarların Avropa İttifaqının müəyyən etdiyi qanuni limitlərdən aşağı olduğu bildirilib.


Araşdırmada ən yüksək kadmium göstəricilərindən biri Barilla markasının tam buğdalı makaronunda qeydə alınıb. Barilla penne məhsulunun hər kiloqramında 0,066 milliqram, spagettidə isə 0,071 milliqram kadmium müəyyən edilib.


Mütəxəssislər bildirirlər ki, kadmiumun miqdarı normadan aşağı olsa belə, bu maddənin uzun müddət və tez-tez qəbul edilməsi sağlamlıq baxımından narahatlıq yarada bilər. Xüsusilə uzunmüddətli məruz qalmanın böyrəklərə mənfi təsir göstərə biləcəyi vurğulanır.


Araşdırmada yalnız iki məhsulda kadmiuma rast gəlinmədiyi, onların isə qlütensiz makaronlar olduğu qeyd edilib.


Mütəxəssislərin əsas mesajı isə makaronu tamamilə menyudan çıxarmaq deyil, qidalanmada müxtəlifliyə üstünlük vermək və eyni məhsulu uzun müddət həddindən artıq miqdarda istehlak etməməkdir.


Sizin reklam burada
Sizin reklam burada