Əhalinin siyahıya alınmasında milli kimlik niyə nəzərə alınmır?

Əhalinin siyahıya alınmasında milli kimlik niyə nəzərə alınmır?
20 İyl 2026 09:55
Əhalimizin ilk siyahıyalınmasından düz 100 il ötür (1926-cı ildən). Bir qədər əvvəl Prezident 2029-cu ilin oktyabrında əhalinin növbəti siyahıyaalınması barədə Fərman verib.
BMT-nin tövsiyəsinə əsasən əksər ölkələrdə siyahıyaalınma 10 ildən bir keçirilir. Bizdə də guya 2019-cu ildə siyahıyalınma keçirilmişdi. Nəticələri çox gec dərc olundu. Əsas problem də səslənən narazılıq idi: qaydaya əsasən siyahıya alanlar hər kəslə şəxsən görüşüb məlumatı toplmalı idi, lakin reallıqda əksər hallarda belə deyildi. Yəni siyahıyalınma formal keçirilmişdi.
Əslində, rəqəmsallaşma dövrünün ruhuna uyğun olaraq dünyada müasir tendensiya ondan ibarətdir ki, vətəndaşların qapılarına getməyə ehtiyac da yoxdur, çünki onlar barədə məlumat hökumətin elektron resurslarında mövcuddur (bəzi ölkələrdə isə siyahıyalınma vətəndaşların online göndərdikləri cavablar əsasında aparılır). Məsələn, Türkiyədə çoxdan qapı-qapı gəzmirlər və bu formal və lazımsız prosedura artıq vəsait xərcləmirlər. Odur ki, bizdə də bu metoda keçmək lazımdır.
Sual verilə bilər ki, bəzi məlumatlar elektron resurslarda yoxdur və ola da bilməz. Məsələn, vətəndaşın etnik kimliyi və dini etiqadı. Lakin bunlara heç ehtiyac da yoxdur və bu məlumatların toplanılması hətta zərərlidir də. Sivil ölkələrdə şəxsin etnik kimliyi və dini etiqadı özəl məsələ hesab olunur və dövləti maraqlandırmır. O cümlədən Türkiyədə də bu belədir. Bəzi ölkələrdə isə vətəndaşdan sadəcə ana dili soruşulur.
Əslində, etnik kimlik elə ana dili məsələsidir. Çünki genetik etnik kimliyini əksəriyyət heç bilmir də. Bilə də bilməz. Kim dəqiq deyə bilər ki, heç olmasa 1000 il bundan əvvəl yaşamış ulu babasının etnosu nə olub? Bəs nənəsinin? Digər tərəfdən də son 200 ilədək etnik kimlik heç kəsə maraqlı da olmayıb. Əsas dini mənsubiyyət olub. İnsanlar da vahid din çərçivəsində nikah qurub, hamı bir-birinə o qədər qarışıb ki, təmiz qan axtarmaq əbəsdir. Odur ki, etnik kimlik şəxsin öz seçimi və ana dili məsələsidir. Təbii, ana dili də şərti məsələdir. Yer üzündə yüz minlərlə enos və dillər olub. Hazırda isə cəmi 7000 dil qalıb. Yəni insanların əksəriyyəti dil (etnik) assimilyasına məruz qalmış şəxslərdir.
Bu baxımdan Dövlət Statistika Komitəsinin siyahıyalma əsnasında etnik tərkibi “milli (etnik) tərkib” kimi təqdim etməsi kökündən səhvdir. Hamımızın milli mənsubiyyəti, milləti (milliyyəti) azərbaycanlıdır. Necə ki, Türkiyədə hamı türkdür. Konstitusiyamıza da 2016-cı ildə edilmiş dəyişikliklərlə (25-ci və 32-ci maddələrə) “milli mənsubiyyət” “etnik mənsubiyyət”lə əvəz olunub. Yəni milli mənsubiyyətimiz fərqli ola bilməz. Etnik olaraq isə kim özünü hara aid etmək istəyirsə, öz işidir. Amma bu siyahıyalma predmeti olmamalıdır.
Etnik mənsubiyyətin müəyyən edilməsi bizə Rusiya və SSRİ təcrübəsindən qalıb və çox zərərlidir. Zaman-zaman ölkəmizdə etnik qarşıdurma yaratmaq istəyənlərin dəyirmanına su tökməkdir.
Bu həm də mənasız və ziddiyyətli məsələdir. Bax, elə həmin 2019-cu ildə rəsmilərimiz deyirdi ki, guya Bakıda 20000 erməni yaşayır (mətbuatda da xeyli yazı getmişdi). Amma elə həmin ildə keçirilmiş siyahıyalmanın nəticəsinə görə cəmi 178 erməninin yaşadığı göstərilir.
Və problem yalnız ermənilərlə deyil. Özünüz baxın.
Hələ 1848-ci ildə Azərbaycan elmi tarixşünaslığının banisi Bakıxanov “Gülistani-İrəm” əsərində yazırdı: “Təbərsəranın bir hissəsində, Qubanın qərb qismində, Samur və Kürə nahiyələrində yaşayan əhalinin əksəri müxtəlif tayfalara qarışmış qədim nəsildəndir. Dərbənd ətrafında, Təbərsəranın çox hissəsində, Quba vilayətinin şərq qismində, Şəki, Bakı, Şirvan və Səlyan vilayətlərində yaşayanlar, fars, ərəb, moğol və tatarlardan ibarətdir. Burada olan erməni və yəhudilərin çoxu da get-gedə müsəlmanlar ilə qarışmışlar”.
Bundan sonra M.F.Axundov ədəbi dilimizin əsasını qoyaraq məşhur komediyalarını yazır, H.Zərdabi “Əkinçi”ni buraxır (Rusiya imperiyası bunlara ona görə yol açmışdı ki, Azərbaycanı fars dilli İrandan uzaqlaşdırsın), bu əsnada türkçülük populyarlaşır və çoxsaylı etnoslardan ibarət əhalimizin içində titul etnos (türk) yaranır. Yerli ədəbi dil Azərbaycan dili olduğu üçün tədricən yerli müsəlmanların xeyli hissəsi də özünü türk kimi təqdim etməyə (eyniləşdirməyə) başlayır. Məhz belə şəraitdə də (insanların çoxu konformist olduğu üçün özünü populyar trendə aid edir) əhalinin yarıdan çoxu özünü sorğular əsnasında türk (tatar) kimi qələmə verir. Statistika da bunu təsdiq edir.
Belə ki, Rusiya imperiyasında 1886-cı ildə dərc edilmiş siyahıyalma nəticələrinə görə bizə aid quberniyalarda etnik tərkib çox mürəkkəbdir. Məsələn, Bakı quberniyasında (Bakı, Quba, Lənkəran, Şamaxı, Göyçay və Səlyanı əhatə edirdi) “tatar”ların (türk dillillərin) sayı 53%-dir, qalanı isə digər etnoslardır. 1897-ci ilin statistikasına görə isə Bakı və Yelizavetpol quberniyalarının, habelə Zaqatala dairəsinin əhalisinin 58% türklər olub.
1926-cı ildə SSRİ-də keçirilmiş ilk siyahıyalma nəticəsinə görə isə özünü türk kimi əhalimizin artıq 63,3%-i özünü türk kimi təqdim etmişdir (fikir verin, 40 il ərzində 10% artım). Bundan sonra Azərbaycan dili ana dili olanlar azərbaycanlı adlandırılmış və 1939-cu ildə keçirilmiş siyahıyalmada onları sayı aşağı düşmüşdür – 58,4%. Lakin sonrakı siyahıyalmalarda azərbaycanlıların sayı daim artmışdır: 1979-cu il – 78,1%, 1989-cu il – 82,7%, 1999-cu il – 90,6%, 2009-cu il – 91,6%, 2019-cu il – 94,8%. Onu da qeyd edim ki, 100 il ərzində əhalimizin sayı 5 dəfə artıb: 2 milyondan 10 milyona çatıb.
Yaxşı, bəs ötən 100 il ərzində digər müsəlman etiqadlı yerli etnoslarımızın (rus, erməni, yəhudi və digər qeyri-müsəlmanların sayının azalması səbəbi aydındır: köçüb gediblər) sayı necə dəyişib? Gəlin elə bəziləri üzrə 1926-cı illə 2019-cu ili müqayisə edək:
1. Ləzgilərin sayı 39263 (1,6%) nəfərdən 167570 (1,6%) nəfərə çatıb (yəni faiz dəyişməyib). Lakin maraqlısı budur ki, ləzgilərin sayı artıq 1939-cu ildə 111666 nəfər, 1989-cu ildə 171395 nəfər, 2009-cu ildə isə 180 300 nəfər idi. Yəni artandan sonra azalıblar.
2. Talışların sayı 77323 (3,4%) nəfərdən 87578 (0,8%) nəfərə çatıb (bir qədər artım olsa da faizlə 4 dəfə azalıblar). Halbuki, hələ 2009-cu ildə talışların sayı 112000 nəfər idi. Talışlar adətən uzunömürlü olur, uşaqları da çox olur. Niyə azalıblar?
3. Tatların sayı 28443 (1,3%) nəfərdən 27657 (0,2%) nəfərədək azalıb. Bu həmin tatlardır ki, Bakıxanov 1848-ci ildə yazırdı ki, Bakının 6 kəndi xaric hər yerində tat dilində danışılır.
4. Kürdlərin sayı 41193 (1,8%) nəfərdən 4105 (0,04%) nəfərədək azalıb. Yəni kürdlərin sayı 10 dəfə azalıb.
Yaxşı, ləzgilər, talışlar, tatlar, kürdlər niyə azalıb və ya artmayıblar? Əslində, artıblar. Sadəcə əksəriyyəti özünü artıq etnosuna aid etmir və azərbaycanlı hesab edir. Ana dillərini də tədricən unudurlar. Bu, yalnız Azərbaycanda belə deyil. Kiçik etnosların və dövlətçiliyi olmayan dillərin aqibəti hər yerdə belədir. Daha əvvəl vurğuladığım kimi, yer üzündə yüz minlərlə enos və dillər olub. Hazırda isə cəmi 7000 dil qalıb. Qloballaşma qaçılmazdır. Onun nəticələrindən biri də millətləşmədir.
Millət əraziyə bağlı və birgə maraqları olan çoxsaylı etnosların birliyidir. Həmin etnoslardan birinin dilinə köklənmiş dövlət dilinə malikdir millət. Bu barədə Benedikt Andersonun məşhur “Xəyali icmalar” kitabını oxumağı tövsiyə edirəm. Zatən millət müasir dövlətin yetirməsidir, xəyali icmadır. Milləti elə dövlət yaradır. Təhsillə, ədəbiyyatla, televizorla, mətbuatla və s. Paralel olaraq etnosları məhv etməklə.
Buna görə də siyahıyalma əsnasında heç kəsin etnosunu soruşmaq lazım deyil. Aktual deyil. Lazım deyil. Ən əsası isə zərərlidir və etnosçuluğun təşviqidir. Biz hamımız azərbaycanlıyıq. İdeologiyamız da azərbaycançılıqdır. Fərdi qaydada kim özünü hansı etnosa aid edirsə, öz işidir. Amma dövlət bunu təşviq etməməlidir...
Əkrəm Həsənov, iqtisadçı

Sizin reklam burada
Sizin reklam burada