Hörmüz boğazı ətrafında yaranan gərginlik yalnız İran və Qərb arasındakı qarşıdurma ilə məhdudlaşmır. Pekinin bu məsələdə tutduğu mövqe Çinin daha böyük geosiyasi hesablarının olduğunu göstərir. Politoloq Turan Rzayev hesab edir ki, Çin bu gün verdiyi qərarlarla təkcə İranla bağlı mövqeyini nümayiş etdirmir, gələcəkdə Tayvan boğazı ilə bağlı yarana biləcək presedentləri də nəzərə alır.
Politoloq Turan Rzayev News365.az-a açıqlamasında G20 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin ABŞ-ın Şimali Karolina ştatının Eşvil şəhərində keçirilən toplantısında Çinin mövqeyini şərh edib.

Onun sözlərinə görə, sentyabrın 1-2-də keçirilən görüşdə G20 ölkələrinin əksəriyyəti Hörmüz boğazından “azad, təhlükəsiz və proqnozlaşdırılan” keçidin təmin olunmasını dəstəkləsə də, Çin bu mətnə qoşulmayıb. Pekinin etirazı yekun birgə bəyanatın qəbul edilməsinə də mane olub.
T.Rzayev vurğulayıb ki, Çinin mövqeyini yalnız İranı müdafiə etmək istəyi ilə izah etmək düzgün deyil. Əksinə, Pekinin özü Hörmüz boğazının bağlanmasında maraqlı deyil.
“Çin dünyanın ən böyük enerji idxalçılarından biridir. Buna görə də Pekin üçün Hörmüz boğazının açıq, təhlükəsiz və sabit qalması olduqca vacibdir. Boğazda enerji daşımalarının təhlükə altına düşməsi Çinin iqtisadi maraqlarına da ciddi zərər vura bilər”, – deyə politoloq bildirib.
Ekspertin fikrincə, Pekin İran məsələsinə daha geniş geosiyasi prizmadan yanaşır. İran Çin üçün həm iqtisadi tərəfdaş, həm də Yaxın Şərqdə strateji əhəmiyyət daşıyan ölkədir.
T.Rzayev hesab edir ki, İranın həddindən artıq zəifləməsi və tam təcrid olunması Yaxın Şərqdə ABŞ-ın mövqelərini gücləndirə, nəticədə Çinin enerji və geosiyasi maraqlarını daha həssas vəziyyətə sala bilər.
“Çin İranın tamamilə təcrid edilməsini istəmir. Buna görə də Tehranla bağlı məsələlərdə diplomatik və siyasi dəstəyini davam etdirir. Burada söhbət yalnız İranı qorumaqdan deyil, Çinin regiondakı strateji maraqlarını balanslaşdırmaq cəhdindən gedir”, – deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, Pekin Hörmüz boğazının təhlükəsizliyinin təmin olunmasına prinsip etibarilə qarşı deyil. Əsas problem isə bu təhlükəsizliyin hansı siyasi və hüquqi mexanizm əsasında təmin ediləcəyidir.
“Pekin Hörmüzün açıq qalmasını dəstəkləyir. Lakin bunun ABŞ-ın müəyyən etdiyi siyasi və hüquqi model əsasında həyata keçirilməsini istəmir”, – T.Rzayev vurğulayıb.
Politoloq hesab edir ki, Çinin narahatlığının əsas səbəblərindən biri də Hörmüz boğazı ilə bağlı formalaşa biləcək presedentin gələcəkdə Tayvan məsələsinə tətbiq olunması ehtimalıdır.
“Bu gün Hörmüzlə bağlı qəbul edilən yanaşma sabah Tayvan boğazı məsələsində də nümunə kimi istifadə oluna bilər. İran böhranı başa çata, Hörmüz yenidən normal fəaliyyət göstərə bilər. Amma ABŞ-ın strateji boğazlarda hərbi iştirakını legitimləşdirən beynəlxalq hüquqi-siyasi yanaşma formalaşarsa, bu, Çin üçün uzunmüddətli geosiyasi problemə çevrilə bilər”, – deyə o bildirib.
T.Rzayevin sözlərinə görə, Vaşinqton gələcəkdə beynəlxalq ticarət və naviqasiya baxımından əhəmiyyətli olan Tayvan boğazının açıq saxlanılmasını əsas gətirərək bölgədə ABŞ hərbi qüvvələrinin iştirakını legitimləşdirməyə çalışa bilər.
“Pekin məhz belə bir presedentin yaranmasını istəmir. Ona görə də Çin bu gün İran məsələsində öz mövqeyini ortaya qoymaqla, əslində, gələcəkdə Tayvanla bağlı qarşısına çıxa biləcək riskləri də hesablayır. Başqa sözlə, Pekin bu günün siyasi qərarları ilə gələcəyə investisiya edir”, – deyə politoloq fikrini yekunlaşdırıb.