Çinin İrana “4 şərti” qalmaqalı: Tehran iddiaları təkzib edir, Pekin isə təmkinini qoruyur

Çinin İrana “4 şərti” qalmaqalı: Tehran iddiaları təkzib edir, Pekin isə təmkinini qoruyur
18:47

İran Məclisinin sədri Məhəmməd Baqir Qalibafın Çinə nəzərdə tutulan rəsmi səfəri ərəfəsində Tehran və Pekin münasibətlərində gərginlik iddiaları ortaya çıxıb. İranlı islahatçı siyasətçi, “Yenidənqurma Xidmətçiləri Partyası”nın baş katibi Məhəmməd Hüseyn Mərəşi Çinin iranlı spikerin səfəri üçün Tehrana 4 sərt şərt irəli sürdüyünü iddia edib.

Mərəşinin sözlərinə görə, Pekin rəhbərliyi Qalibafı qəbul etməzdən əvvəl Tehrandan bu Addımları tələb edib:

  • Hürmüz boğazının açıq saxlanılması;
  • Gəmi keçidlərinə görə əlavə rüsumların və ya haqqların toplanmaması;
  • Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlərin normallaşdırılması;
  • ABŞ ilə mövcud gərginliyin və münaqişənin dayandırılması.

Tehran iddiaları sərt şəkildə təkzib etdi

Açıqlama İranda böyük əks-səda doğurub. Məhəmməd Baqir Qalibafın ofisi və İranın Çin işləri üzrə xüsusi nümayəndəliyi yayılan məlumatları dərhal təkzib edərək, Pekinin heç bir şərt irəli sürmədiyini bildirib. Mühafizəkar media isə islahatçıları ABŞ-ın psixoloji müharibəsinə xidmət etməkdə ittiham edib.

Çinin əsl mövqeyi nədir?

Pekin rəsmi olaraq “şərt” iddialarını təsdiqləməsə də, siyasi təhlilçilər bu iddiaların Çinin Yaxın Şərqdəki strateji maraqları ilə üst-üstə düşdüyünü vurğulayırlar. Fars körfəzindən daxil olan enerjidən və dəniz ticarətinin təhlükəsizliyindən birbaşa asılı olan Çin:

  1. Hürmüz boğazında böhran istemir: Çin neft idxalının böyük hissəsini bu boğaz vasitəsilə həyata keçirir.
  2. Ərəb ölkələri ilə balans saxlayır: Pekin təkcə Tehranla deyil, Ərəbistan yarımadası ölkələri ilə də milyardlarla dollarlıq ticarət dövriyyəsinə malikdir.
  3. Qlobal gərginlikdən qaçır: Vaşinqtonla birbaşa hərbi və ya geosiyasi toqquşmaya gətirib çıxaracaq regional eskalasiyaya maraqlı deyil.

Ekspertlərin fikrincə, iddialar rəsmən rədd edilsə də, Hürmüz boğazındakı gərginlik Pekinin "Şərqə baxış" siyasəti yürüdən Tehran üçün qeyd-şərtsiz dayaq olmadığını bir daha göstərir.


Sizin reklam burada
Sizin reklam burada