Egeydə maraqlar toqquşması: Türkiyənin "dəniz parkı" qərarı Afinada narazılıq yaratdı

Egeydə maraqlar toqquşması: Türkiyənin "dəniz parkı" qərarı Afinada narazılıq yaratdı
13:58

Ankara­nın Egey dənizi ilə bağlı açıqlamaları və yeni dəniz parklarının elanından sonra Afina Türkiyəyə qarşı sərt mövqe nümayiş etdirib. Yunanıstan Xarici İşlər Nazirliyi Egeydə suverenlik məsələsinin mübahisə predmeti olmadığını bildirib.

News365.az xəbər verir ki, Yunanıstan Xarici İşlər Nazirliyi Türkiyənin Egey dənizindəki mövqeyini "revizionist tezislərdə israr" kimi qiymətləndirib və bölgədə Yunanıstanın suverenliyinin beynəlxalq müqavilələrlə müəyyənləşdirildiyini bildirib.

Yunanıstan Xarici İşlər Nazirliyinin açıqlamasında Egey dənizindəki suverenlik statusunun aydın olduğu vurğulanıb.

Nazirlik Türkiyənin mövqeyinə münasibət bildirərək Yunanıstanın suverenliyinin beynəlxalq müqavilələrlə "aydın və qəti şəkildə müəyyənləşdirildiyini" qeyd edib.

Açıqlamada Türkiyənin əks yanaşmasının beynəlxalq hüquqa zidd olduğu və buna uyğun reaksiya veriləcəyi bildirilib.

Türkiyənin Milli Müdafiə Nazirliyinin Egey dənizində ölkənin hüquq və maraqlarını qorumaqda qərarlı olduğunu açıqlaması Afinada diqqətlə qarşılanıb.

Yunanıstan tərəfi bu açıqlamanın yalnız diplomatik müstəvidə deyil, bölgədə mümkün addımlar baxımından da əhəmiyyət daşıdığını bildirib.

Yunanıstan Xarici İşlər Nazirliyi Türkiyənin Egeydə, xüsusilə enerji fəaliyyətləri ilə bağlı proseslərdə daha çox söz sahibi olmaq istədiyini iddia edib.

Yunanıstan tərəfi iki ölkə arasındakı əsas mübahisənin beynəlxalq hüquqa uyğun olaraq qitə şelfi və müstəsna iqtisadi zona sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı olduğunu bildirib.

Afina eyni zamanda dialoqun və yaxşı qonşuluq münasibətlərinin davam etdirilməsini dəstəklədiyini vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada