Prezidenti İlham Əliyev: “Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı”
1990-cı illərin əvvəllərində Ermənistanın
Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Azərbaycanın suveren
ərazisinin təqribən 20 faizi — Dağlıq Qarabağ və ətraf yeddi rayon — işğal
olundu. Bu işğal zamanı beynəlxalq hüququn bütün prinsipləri kobud şəkildə
pozuldu. Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən hərbi
əməliyyatlar nəticəsində bir milyondan çox azərbaycanlı doğma yurd-yuvalarından
didərgin salındı, on minlərlə insan qətlə yetirildi, minlərlə insan itkin düşdü
və əsir götürüldü. Bu, təkcə regional münaqişə deyildi. Bu, açıq-aşkar etnik
təmizləmə siyasətinin bariz nümunəsi idi. Azərbaycanlılar öz doğma
torpaqlarından zorla çıxarıldı, onların yaşayış məntəqələri dağıdıldı, dini və
mədəni irs yerləri təhqir edildi. Ermənilərin məqsədi bu ərazilərdə mono-etnik,
yəni yalnız ermənilərdən ibarət struktur yaratmaq idi. Bu isə Cenevrə
Konvensiyaları və digər beynəlxalq humanitar hüquq normaları baxımından
müharibə cinayətidir.
2025-ci il
sentyabrın 25-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci
sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin keçdiyi
çətin və şərəfli yolun əsas mərhələlərini dünya ictimaiyyətinin diqqətinə
çatdırdı. Çıxışda Ermənistanın uzun illər ərzində həyata keçirdiyi etnik
təmizləmə və işğal siyasəti, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı
mövqeyi, eləcə də ölkəmizin Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü
bərpa etməsi əhatəli şəkildə vurğulandı. Prezident İlham Əliyev öz çıxışında
xüsusi olaraq BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə
toxundu. Bu qətnamələr — 822, 853, 874 və 884 nömrəli sənədlər — Ermənistan
silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz
çıxarılmasını tələb edirdi. Lakin bu sənədlər icra olunmadı və beynəlxalq
ictimaiyyət tərəfindən real təzyiq göstərilmədi. Nəticə etibarilə, Ermənistan
bu qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı. Sanksiyalar tətbiq
olunmadı, beynəlxalq təşkilatlar tərəfindən təsirli tədbirlər görülmədi. Bu,
beynəlxalq hüquq sisteminin selektiv və siyasi maraqlara əsaslanan mahiyyətini
üzə çıxardı. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiq qalaraq, işğalın
hüquqi-siyasi müstəvidə aradan qaldırılmasına çalışdı.
1992-ci ildə
Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi məqsədilə təsis
edilmiş ATƏT-in Minsk qrupu, ilk mərhələdə beynəlxalq ictimaiyyət üçün bir ümid
işığı kimi qəbul olunurdu. Qrupun həmsədrləri — ABŞ, Rusiya və Fransa —
münaqişənin nizamlanmasına vasitəçilik vəzifəsi daşıyırdılar. Lakin zaman
keçdikcə bu qurumun fəaliyyəti yalnız formal danışıqlarla məhdudlaşdı.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Minsk qrupu beynəlxalq hüququn
norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonun saxlanmasına və
münaqişənin dondurulmasına çalışdı. Reallıqda bu, Ermənistanın işğal altında
saxladığı ərazilərdə qanunsuz fəaliyyəti davam etdirməsinə, məskunlaşdırma
aparmasına və bölgədə sabitliyi pozmasına şərait yaratdı. Minsk qrupu nəinki
işğalçıya təzyiq göstərmədi, hətta bəzən obyektivlikdən uzaq mövqe sərgilədi.
Qrupun həmsədrləri 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul
edilmiş 4 qətnamənin yerinə yetirilməsinə nəzarət etmədilər və bu qətnamələrin
icrasız qalmasına göz yumdular. İkili standartlar, siyasi maraqlar və passivlik
Minsk qrupunun praktik olaraq nüfuzunu itirməsinə səbəb oldu. ATƏT-in Minsk
qrupunun fəaliyyətsizliyi və beynəlxalq ictimaiyyətin laqeydliyi nəticəsində
yaranmış vəziyyət, Azərbaycanı müharibə ilə sülh yaratmaq zərurəti qarşısında
qoydu. Lakin bu müharibə, tarixdə nadir hallarda rast gəlinən bir hüquqi və
mənəvi üstünlük nümunəsi oldu. Prezident İlham Əliyevin BMT-də verdiyi mesajlar
bu tarixi faktların rəsmi təsdiqidir — haqq zəfər çaldı. Bu çıxış yalnız Azərbaycanın
deyil, ədalətə inanan bütün ölkələrin səsi idi. BMT tribunasından səslənən bu
sözlər, həm keçmişin ibrəti, həm də gələcəyin mesajıdır: İşğalçılıq və hüquq
pozuntusu heç vaxt qalib gələ bilməz.
2020-ci ildə
44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü
bərpa etdi. Bu müharibə beynəlxalq hüquqa uyğun şəkildə — özünümüdafiə hüququ
çərçivəsində aparıldı. Azərbaycan Ordusu həm hərbi, həm də mənəvi üstünlüyü ilə
işğala son qoydu. Prezident İlham Əliyev çıxışında bu qələbəni təkcə hərbi uğur
kimi deyil, həm də ədalətin, beynəlxalq hüququn və milli iradənin təntənəsi
kimi təqdim etdi. Vətən müharibəsi təkcə torpaqların azad olunması ilə
nəticələnmədi. Bu müharibə, eyni zamanda, beynəlxalq sistemin
fəaliyyətsizliyinə Azərbaycan xalqının cavabı idi. İşğal altındakı torpaqlar
diplomatik yolla azad olunmadığı üçün Azərbaycan öz hüququnu öz gücü ilə təmin
etdi. Prezident İlham Əliyev çıxışında Azərbaycanın sülh prosesinə sadiq
olduğunu vurğuladı. Ermənistanla normallaşma və sülh müqaviləsinin imzalanması
istiqamətində atılan addımlar regional sabitliyin təmin olunmasına xidmət edir.
Lakin bu proses birtərəfli şəkildə irəliləyə bilməz. Ermənistan da öz üzərinə
düşən öhdəlikləri yerinə yetirməli, revanşist ritorikadan və təxribatlardan
çəkinməlidir. Azərbaycan regionda nəqliyyat-kommunikasiya xətlərinin
açılmasını, iqtisadi əməkdaşlığın gücləndirilməsini və qarşılıqlı hörmətə
əsaslanan münasibətlərin qurulmasını təklif edir. Bu isə yalnız suverenlik və
ərazi bütövlüyü prinsipinə hörmət əsasında mümkündür. Prezident İlham Əliyevin
BMT Baş Assambleyasındakı çıxışı yalnız Azərbaycanın haqq səsinin dünyaya
çatdırılması deyildi. Bu çıxış, eyni zamanda, postsovet məkanında ədalətin necə
bərpa oluna biləcəyinin nümunəsidir. Azərbaycan öz suverenliyini bərpa etdi,
beynəlxalq hüququn tələblərini özü icra etdi və sülhə aparan yolun lideri oldu.
Bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycan
regionda əsas söz sahibinə çevrilib. Prezident İlham Əliyevin qətiyyətli
siyasəti, diplomatik fəallığı və milli maraqlara əsaslanan mövqeyi nəticəsində
ölkəmiz yeni bir dövrə qədəm qoyub — post-münaqişə dövrü, inkişaf,
reinteqrasiya və sabitlik dövrü. Yekun olaraq, bu çıxış beynəlxalq ictimaiyyətə
bir daha göstərdi ki, ədalət mütləq bərpa olunur — ya hüquqi, ya da siyasi və
hərbi yollarla. Azərbaycanın nümunəsi, xüsusilə də zəif hüquqi mexanizmlərlə
üzləşən digər dövlətlər üçün davamlılıq, iradə və prinsipiallığın necə nəticə
verə biləcəyinin real sübutudur.
Kamal Paşa-zadə
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
violonçel ixtisası üzrə müəllimi,
Azərbaycan Respublikasının Əməkdar müəllimi