Travma yalnız sümük sınıqlarından ibarət deyil, eyni zamanda əzələ, bağ, sinir və oynaq zədələnmələrini də əhatə edir.
News365.az xəbər verir ki, bu barədə “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində travmatoloq Murad Davudov danışıb.
O bildirib ki, travma zamanı ilkin tibbi yardım qədər düzgün reabilitasiya da vacibdir: “Hər travma reabilitasiya tələb etməsə də, xüsusilə ağır və təkrarlanan zədələrdə bu mərhələ mütləq həyata keçirilməlidir. Yüngül travmalarda istirahət, sadə fiziki hərəkətlər və fizioterapevtik üsullar kifayət edə bilər. Lakin bud, çanaq, onurğa, diz, çiyin və aşıq-baldır nahiyələrindəki sınıqlarda funksional problemlərin qarşısını almaq üçün mərhələli və planlı reabilitasiya zəruridir”.
Travmatoloq vurğulayıb ki, travma sonrası bərpa həm sümük və oynaq sağalmasını, həm də əzələ gücünün, koordinasiyanın və hərəkətliliyin bərpasını əhatə edir. Proses xəstənin zədəsinin növünə və yerləşdiyi nahiyəyə uyğun fərdi şəkildə planlaşdırılır.
“Reabilitasiyanın ilkin mərhələsində ağrı və şişkinliyin idarə olunması əsasdır. Sonrakı mərhələdə fizioterapevtin nəzarəti altında aktiv və passiv hərəkətlər tətbiq edilir. Oynaqların hərəkət qabiliyyətinin bərpası və əzələlərin gücləndirilməsi bu mərhələdə prioritetdir. Eyni zamanda ultrasəs, maqnitoterapiya, elektrostimulyasiya və masaj kimi üsullar toxumaların sürətli sağalmasına kömək edir” – deyə M. Davudov bildirib.
O əlavə edib ki, böyük oynaqlarda, çoxsaylı və ya açıq sınıqlarda, eləcə də sinir zədələnmələrində reabilitasiya daha uzun müddət tələb edir: “Xəstənin gündəlik həyatına qayıtması yalnız mərhələli və davamlı bərpa ilə mümkündür. Bu proses həm fiziki, həm də psixoloji dəstək tələb edir, çünki travmadan sonra qorxu və inamsızlıq kimi psixoloji çətinliklər yarana bilər”.
News365.az