Nazir məktəblərin bağlanmasından da danışdı

Nazir məktəblərin bağlanmasından da danışdı
14:24

Tələbə kreditləri ilə bağlı ya daha çox tələbəyə yalnız təhsil haqqını ödəməklə yardım edirik, ya da daha az tələbəyə həm təhsil, həm də yaşayış xərclərini qarşılamaqla dəstək verə bilərik. Burada əsas məsələ balanslı yanaşmadır.

News365.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev  parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir məktəblərin ixtisarından da danışıb. O bildirib ki, məktəblərin ixtisarı davam edəcək: "Biz buna “ixtisar” deyil, “səmərəlilik” yanaşması deyirik. Çünki 5-10 nəfərlə fəaliyyət göstərən məktəblərdə keyfiyyətli təhsilin təmin olunması real deyil. Məsələn, bir məktəbdə 10 şagird varsa, hər sinifdə 2 nəfərdirsə, o uşaqlara musiqi dərsində xor öyrətmək, idman, qrup oyunu və sosiallaşma bacarığı aşılamaq mümkün deyil. Belə bir məktəbdən məzun olan şagirdin neçə dostu olacaq? Bu onların gələcək həyatına necə təsir edəcək?

Bizim əsas məqsədimiz daha çox iş yerini qorumaq yox, daha keyfiyyətli təhsil təmin etməkdir. Bir sinif üçün istər 1 uşaq olsun, istər 40 dövlət büdcəsindən orta hesabla 20-25 min manat xərc tələb olunur. Biz bu uşaqları daha yaxşı şəraitli məktəblərə yönləndirərək keyfiyyəti artıra bilərik".

Emin Əmrullayev əlavə edib ki, Qarabağ məktəbləri ilə bağlı məsələ mürəkkəbdir.

"Bu, mərkəzləşdirilmiş bir prosesdir. Təbii ki, Böyük Qayıdış prosesi daxilində açılan hər bir məktəb bizim üçün böyük sevincdir. Lakin texniki tərəfdən çətinliklər də mövcuddur. Ağdamda, məsələn, bir nömrəli məktəb varsa, əvvəlki məktəb bağlanmalıdır. İki eyni adda məktəb ola bilməz. Biz istəyirik ki, bu keçid mərhələsi tədricən və ağrısız şəkildə həyata keçirilsin.

Bilirik ki, bu qərarlar insanların həyatına birbaşa təsir edir, amma imkanlar daxilində maksimum səmərəli və düzgün qərarlar verməyə çalışırıq. Sevindirici hal odur ki, bu prosesdə məktəblər bağlanmır, sadəcə yerdəyişmə olur. Ola bilər ki, kimsə köçmək istəmir, lakin ümumilikdə baxanda, nəticədə müəllimlərin iş sayı azalmır, əksinə artır", - nazir deyib.


Sizin reklam burada
Sizin reklam burada