Tanınmış iqtisadçı ekspert Natiq Cəfərli şəhər və rayon İcra hakimiyyətlərinin başçılarına verilən maaşların məbləğini açıqlayıb.
News365.az-ın məlumatına görə, ekspert bildirib ki, icra başçılarının maaşları inzibati-ərazi vahidləri üzrə aşağıdakı kimidir:
Bakı şəhərinin icra başçısı – 7650 manat;
Gəncə və Sumqayıt şəhərlərinin icra başçıları – 5625 manat;
Əhalisi 100 min nəfərdən çox olan rayonların (Abşeron, Masallı, Şəmkir və s.) icra başçıları – 4587,5 manat;
Əhalisi 50-100 min nəfər arası olan rayonların (Ucar, Lerik, Beyləqan və s.) icra başçıları – 4225 manat;
Əhalisi 50 min nəfərə kimi olan rayonların (Xızı, Sədərək, Daşkəsən və s.) icra başçıları – 3837,5 manat;
N.Cəfərli bildirib ki, bu məbləğdən 14% gəlir vergisi, 3% DSMF, 2% tibbi sığorta, 0,5% işsizlik sığortası, bir də YAP-a üzvlük haqqı tutulur.
“Yeri gəlmişkən, bu maaşlar 1 mart 2022-ci ildən sonra artıb, həmin tarixdən icra başçılarının əsas maaşına, 1,5 misli əlavə verilir. Yəni, məsələn, 2022-ci ilə qədər Bakı şəhəri İcra Başçısının maaşı cəmi 3060 manat idi.
Məmləkətdə ərazi və əhalisi böyük olmayan Xızı rayonu var, 2012-ci ildən həmin rayonun icra başçısı eyni insandır. Bu məmur 2012-ci ildən 2022-ci ilə qədər ayda, bütün vergiləri çıxandan sonra 1700 manata yaxın maaş alırmış, indi bütün ödənişləri çıxandan sonra 3000 manat civarında maaş alır. Sizcə bu məmur 10 il 1700 manat, son 3 ildə isə 3000 manat maaşa necə dolanıb, yaşadığı ev, sürdüyü maşın bu gəlirə uyğundurmu?!
Söhbət bir tək Xızı rayonundan getmir ha, istənilən rayonun icra başçısı ilə bağlı eyni sözləri, yanaşmanı söyləmək olar”, - ekspert vurğulayıb.
N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda icra başçıları instutu köhnəlib, problem tək şəxslərdə deyil, bu sistemin özü işlək deyil, insanları deyil, sistemin özünü dəyişməyin vaxtı çatıb.
“Yerli özünüidarə institutları güclənməli, seçilmiş rayon-şəhər Bələdiyyə sədrlərinin səlahiyyəti, ən başlıcası isə məsuliyyəti artırılmalıdır ki, vətəndaşa xidmət etməyi öyrənsinlər, mərkəzdən gələn qeyri-qanuni tapşırıqları deyil, seçicinin gözləntilərini yerinə yetirsinlər...”