Bakıda keçirilən Zəfər paradı təkcə hərbi güc nümayişi olmaqla qalmayıb, eyni zamanda Azərbaycanın regiondakı balanslı təhlükəsizlik siyasətinin göstəricisi oldu. Tədbirdə ənənəvi müttəfiqlər – Türkiyə və Pakistanın ali hərbi nümayəndə heyətləri ilə yanaşı, Slovakiyanın baş nazir müavini və müdafiə naziri Robert Kalinak, Səudiyyə Ərəbistanının müdafiə naziri müavini Xalid bin Salman, Serbiyanın Baş Qərargah rəisi Milan Moysiloviç, eləcə də Qırğızıstan, Qazaxıstan və Özbəkistanın yüksək rütbəli hərbi rəhbərləri iştirak edib. Bu, Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə eyni zamanda əməkdaşlıq edə biləcəyini nümayiş etdirir.
Hərbi ekspert Səxavət Məmməd News365.az-a açıqlamasında bildirib ki, Zəfər paradı yalnız hərbi texnikanın nümayişi deyil, regiondakı maraqlı ölkələrə Azərbaycanın strateji mesajıdır.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin sayını iki dəfə artırıb, yeni komando briqadaları yaradıb və bu çevik bölmələrin effektivliyini artırıb.
S.Məmməd əlavə edib ki, Azərbaycanın Hərbi Dəniz Qüvvələri sovet dövründən qalma gəmilərdən istifadə edirdi, lakin son illərdə bu sahədə də modernləşmə gedir. “Sea Breaker” tipli dəniz məqsədli raketlərin alınması bu islahatın nümunəsidir. Paradada Türkiyə, İsrail, Çin, Çexiya və digər ölkələrdən alınan müasir silah sistemlərinin nümayişi Azərbaycanın çoxşaxəli əməkdaşlığa açıq olduğunu göstərir.
Hərbi ekspertin sözlərinə görə, Zəfər paradında diqqət çəkən silahlar – “Sea Breaker” qanadlı raketləri, DITA və NORA özüyeriyən haubitsaları, “Hero” kamikadze dronları və HQ-9B hava hücumundan müdafiə sistemləri – Azərbaycan ordusunun modern texnologiyalara əsaslandığını və regionda potensial aktor rolunu gücləndirdiyini nümayiş etdirir.
Paradada nümayiş olunan hərbi texnika və hazırlıqlı bölmələr, həm də Azərbaycanın təhlükəsizliyini təmin etmək və strateji mesajlarını regional güc mərkəzlərinə çatdırmaq qabiliyyətini ortaya qoyur.