Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasının qəbulundan ötən dövr ərzində ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mahiyyətcə yeni mərhələ formalaşmışdır. Konstitusiyada təsbit olunan əsas prinsiplər, yəni qanunun aliliyi, bərabərlik, ədalət və vətəndaş məsuliyyəti dövlət siyasətinin əsas istiqamətinə çevrilmişdir. Bu müddət ərzində milli maraqlara uyğun hüquqi islahatlar ardıcıl şəkildə həyata keçirilmiş, məhkəmə-hüquq sistemi təkmilləşdirilmiş, insan hüquqlarının qorunması üzrə milli institutlar, o cümlədən Ombudsman təsisatı və Konstitusiya Məhkəməsi fəaliyyətə başlamışdır.

Bu dövlət idarəçiliyində şəffaflıq, hesabatlılıq və sosial ədalət meyarlarını möhkəmləndirən mühüm addımlardır.
Bugün Azərbaycan dövləti vətəndaşların hüquq və azadlıqlarını yalnız hüquqi sənədlərdə deyil, praktik idarəetmə mexanizmlərində də reallaşdırır. Xüsusilə sosial təminat, həssas qrupa aid olan vətəndaşların hüquqlarının müdafiəsi, informasiya azadlığı və vətəndaş cəmiyyətinin inkişafı sahəsində ciddi irəliləyişlər müşahidə olunur. Nəticə etibarilə, Konstitusiyanın qəbulundan bu günə qədər görülən işlər göstərir ki, Azərbaycan dövləti insan hüquqlarının qorunmasını milli təhlükəsizlik və dayanıqlı inkişafın tərkib hissəsi kimi qəbul edir. Bu da öz növbəsində ölkəmizin həm hüquqi dövlət, həm də demokratik cəmiyyət kimi formalaşmasında əsas zəmin rolunu oynayır.
Politoloq Aytən Qurbanova