Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək məqsədilə yeni müsabiqə elan edib.
News365.az xəbər verir ki, müsabiqədə Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri iştirak edə bilərlər.
İştirak üçün müraciətlər və tələb olunan sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilməlidir.
Qaydalara əsasən, media subyekti müsabiqədə iştirak etmək üçün bir nəfər məsul redaktor və üç nəfər jurnalist olmaqla ən azı dörd nəfərlik heyətə malik olmalıdır.
Müsabiqənin yekununda qalib elan edilən onlayn media subyektləri ilə Agentlik arasında müqavilə imzalanacaq. Müqaviləyə əsasən, hər qalib subyektə aylıq 5000 manat məbləğində maliyyə yardımı göstəriləcək. Bu dəstək 6 ay müddətində qüvvədə olacaq.
Dəstək dövründə media subyektlərinin dörd nəfərlik heyətində yer alan hər bir işçinin minimum aylıq əməkhaqqı 800 manat olmalıdır.
Müsabiqəyə müraciətlər 26 noyabr 2025-ci il saat 18:00-dək qəbul olunur.