Ramana qəsəbəsinin Şuşa şəhərciyində yerləşən 338 nömrəli Xankəndi tam orta məktəbində valideynlə məktəb rəhbərliyi arasında mübahisə yaşandığı iddia olunur.
Hadisə ilə bağlı News365.az-ın redaksiyasına məlumat daxil olub.Bildirilir ki, Hicran Qənbərov adlı valideyn övladının səhhətində yaranan problem səbəbindən məktəbə gecikib. Bu zaman məktəbin direktoru Fərid Ağaliyevlə valideyn arasında mübahisə yaranıb.
İddialara görə, direktor uşağın xəstə olması ilə bağlı valideynə qarşı kobud ifadələr işlədib və ona “Bura tibb müəssisəsi deyil” deyib. Həmçinin məktəb rəhbərinin şagirdin anasının üzərinə qışqırdığı bildirilir.
Hadisə ilə bağlı məlumatı dəqiqləşdirmək üçün məktəbə yollanan News365.az-ın jurnalisti isə təhsil müəssisəsinə buraxılmayıb.
Məsələ ilə bağlı məktəb rəhbərliyinin və aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq.
Vəfa Vəliyeva