Ermənistan Silahlı Qüvvələrinin ehtiyatda olan general-leytenantı Leonid Martirosov vəfat edib.
News365.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Leonid Martirosov 1939-cu ildə Bakıda anadan olub. O, 1961-ci ildə Tbilisi Ali Artilleriya Hərbi Məktəbini, 1975-ci ildə isə Leninqrad Hərbi Artilleriya Akademiyasını bitirib.
Martirosov 1961–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Zaqafqaziya və Orta Asiya hərbi dairələrində, eləcə də Şərqi Almaniyada yerləşən sovet qoşun qrupunda xidmət edib. Müxtəlif illərdə briqada komandirinin müavini, briqada komandiri və Zaqafqaziya Hərbi Dairəsinin 4-cü ordusunun qərargah rəisi vəzifələrində çalışıb.
1988–1992-ci illərdə Ermənistan Müdafiə Komitəsinin əməliyyat şöbəsinin baş zabiti, 1992–1993-cü illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsi rəisinin müavini, 1993–1997-ci illərdə isə həmin idarənin rəisi olub.
1991–2000-ci illərdə Baş Qərargahın Əməliyyat İdarəsinin rəisi – Baş Qərargah rəisinin müavini, 2000–2014-cü illərdə isə Ermənistanın baş hərbi müfəttişinin birinci müavini vəzifəsində çalışıb.
Martirosov Ermənistanın sərhədyanı ərazilərində və Azərbaycanın Qarabağ bölgəsində, o cümlədən Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib.
O, işğal dövründə mətbuata açıqlamasında Şuşa və Ağdərə uğrunda döyüşlərdə fəal iştirak etdiyini bildirmişdi. Martirosov Şuşa əməliyyatındakı roluna görə general-mayor rütbəsi aldığını da qeyd etmişdi.
Onun sözlərinə görə, Şuşanın kiçik modelinin hazırlanması və şəhərə hücumun planlaşdırılması prosesində iştirak edib. “Dağlarda toy” adlandırılan əməliyyatın hazırlanmasında Martirosovla yanaşı, əməliyyatın rəhbəri Arkadi Ter-Tadevosyan, Serj Sarkisyan, Robert Köçəryan, Samvel Babayan, Seyran Ohanyan, Valeri Çitçyan və Arkadi Karapetyan da iştirak ediblər.
2014-cü ilin noyabrında Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyanın sərəncamı ilə general-leytenant Leonid Martirosov Ermənistan Hərbi İnspeksiya İdarəsi rəisinin birinci müavini vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
Təqaüddə olduğu dövrdə də Martirosov hər il mayın 9-da Şuşanın işğalının ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edirdi.