Xəzər suyunun duzsuzlaşdırılmasına 140 milyon dollar ayırıldı

Xəzər suyunun duzsuzlaşdırılmasına 140 milyon dollar ayırıldı
10:25

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması zavodunun tikintisi layihəsinə 140 milyon dollar vəsait ayrılmasını təsdiqləyib.

News365.az Report-a istinadən xəbər verir ki, kredit hər biri 70 milyon dollar olmaqla, iki tranş şəklində təqdim ediləcək.

Layihənin ümumi dəyəri 407 milyon dollar qiymətləndirilir.

Layihə çərçivəsində əks osmos texnologiyası əsasında fəaliyyət göstərəcək duzsuzlaşdırma müəssisəsinin layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarı və texniki xidmətinin həyata keçirilməsi nəzərdə tutulur. Zavodun gündəlik istehsal gücü 300 min kubmetr olacaq. Yüksək su tələbatı dövrlərində bu göstəricinin 330 min kubmetrə çatdırılması mümkün olacaq.

Təşəbbüs dövlət-özəl tərəfdaşlığı çərçivəsində 25 illik müqavilə əsasında reallaşdırılacaq. Duzsuzlaşdırılmış suyun hamısı dövlət operatoru olan "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"nə təhvil veriləcək.

Bu müəssisə Azərbaycanın su sektorunda duzsuzlaşdırma üzrə ilk genişmiqyaslı zavod, həmçinin dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçirilən ilk layihə olacaq. Layihənin əsas məqsədi Bakı və Abşeron yarımadasında yaşayış binalarının və kommersiya obyektlərinin içməli su ilə təminatının keyfiyyətini və fasiləsizliyini artırmaqdır.

Layihə ADB-nin Azərbaycan üzrə 2025–2029-cu illəri əhatə edən Tərəfdaşlıq Strategiyasının prioritetlərinə uyğun olaraq həyata keçirilir. Strategiyanın əsas istiqamətlərindən biri ekoloji cəhətdən dayanıqlı və təmiz infrastrukturun inkişafıdır.

Qeyd edək ki, bundan əvvəl Asiya İnfrastruktur İnvestisiya Bankı da Azərbaycanda suyun duzsuzlaşdırılması zavodunun tikintisi üçün 45 milyon dollar kredit ayrılmasını təsdiqləyib.

Layihənin inkişaf etdiricisi Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti, baş podratçısı isə Çinin "PowerChina" qrupuna daxil olan HDEC ("Huadong Engineering Corporation") şirkətidir. HDEC-nin subpodratçısı olan İspaniyanın "Savener" mühəndislik şirkəti artıq mühəndis-layihələndirmə işlərinə başlayıb.


Sizin reklam burada
Sizin reklam burada