Səngəçalda böyük layihə: sakinləri nə gözləyir?

Səngəçalda böyük layihə: sakinləri nə gözləyir?
13:10

Böyük sənaye layihələri yalnız iqtisadi göstəricilərə deyil, həm də əhalinin gündəlik həyatına təsir etməlidir. Qaradağ rayonunun Səngəçal qəsəbəsində həyata keçirilən qaz emalı layihəsinin də yerli sakinlər üçün yeni iş imkanları vəd etdiyi bildirilir.

News365.az xəbər verir ki, Milli Məclisin plenar iclasında çıxış edən deputat Aydın Hüseynov layihənin həm ölkə iqtisadiyyatı, həm də regionlarda məşğulluğun artırılması baxımından əhəmiyyətini vurğulayıb.


Deputatın sözlərinə görə, hazırda tikinti işlərinin aparıldığı ərazidə 1500-2000 nəfərədək vətəndaş çalışır. Qaz emalı zavodunun inşası tamamlandıqdan sonra isə Qaradağ rayonunda əlavə iş yerlərinin açılması və məşğulluq imkanlarının genişlənməsi gözlənilir.

Aydın Hüseynov yerli sakinlərin sosial vəziyyətinə də diqqət çəkib. O bildirib ki, Səngəçal qəsəbəsinin icma nümayəndələri ilə keçirilən görüşlərdə ərazidəki bir sıra problemlər müzakirə olunub və onların aradan qaldırılması ilə bağlı öhdəliklər götürülüb. Deputat bu istiqamətdə konkret addımların atılacağını qeyd edib.

Çıxışında balıqçıların maraqlarına da toxunan parlamentari kəmərin çəkilişinin onların fəaliyyətinə mümkün təsirlərini diqqətdə saxlamağın vacibliyini vurğulayıb. Onun fikrincə, layihə çərçivəsində işlər müəyyən edilmiş tələblərə uyğun aparılmalı, növbəti mərhələlərdə isə yerli balıqçıların fəaliyyətini davam etdirməsi üçün lazımi şərait yaradılmalıdır.


Sizin reklam burada
Sizin reklam burada