Azərbaycanda borcunu vaxtında ödəməyən şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyulması halları davam edir. Aliment borcu, bank kreditləri və digər öhdəliklər səbəbindən tətbiq edilən bu tədbir bəzi vətəndaşların xaricə səfər planlarına da mane olur.
Bəs son dövrdə neçə nəfər bu məhdudiyyətlə üzləşib və borcunu ödəyən şəxslər nə vaxt ölkədən çıxa bilirlər?
Ədliyyə Nazirliyi “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirib ki, 2026-cı ilin ilk 9 ayı ərzində 4550 şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. Online shopping Azərbaycan
Bu məhdudiyyətlərin əksəriyyəti aliment, bank və bank olmayan kredit təşkilatlarına olan borclara görədir:
“Məhdudiyyətlərin 1966-sı aliment, 1020-si bank və bank olmayan kredit təşkilatlarına olan borclar, 1564-ü isə digər işlər üzrə tətbiq edilib.
Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxdıqdan, o cümlədən bu barədə məlumat icra məmuruna təqdim olunduqdan sonra icra məmuru 24 saat müddətində həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir.
2025-ci ildə 4417 şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılıb. Həmin işlərdən 1990-nı aliment, 909-u bank və bank olmayan kredit təşkilatlarına olan borclar, 1518-i isə digər işlər üzrə tətbiq edilib”.