Bəzən bir cəmiyyətin gələcəyi haqqında fikir yürütmək üçün nə iqtisadi göstəricilərə, nə statistik rəqəmlərə, nə də uzun hesabatlara ehtiyac qalır. Sadəcə insanların nəyə baxdığına, nəyə güldüyünə, nəyə pul xərclədiyinə, kimi məşhurlaşdırdığına və hansı davranışları alqışladığına diqqət yetirmək kifayətdir. Çünki insanın marağı fərdi seçim kimi görünsə də, milyonlarla insanın eyni istiqamətə yönələn marağı artıq bütöv bir cəmiyyətin düşüncə tərzini və dəyərlər sistemini əks etdirir. Bəzən bir telefon ekranında gördüyümüz mənzərə, uzun-uzadı sosial təhlillərin ortaya çıxara bilmədiyi həqiqətləri üzə çıxarır. Məhz belə məqamlarda insan istər-istəməz dayanıb düşünür: Görəsən, biz cəmiyyət olaraq hansı dəyərləri böyüdürük?, Hansı insanları nümunəyə çeviririk? Hansı davranışlara alqışlarla, hansı düşüncələrə isə susqunluqla cavab veririk? Bəlkə də bu sualların cavabı gələcəyimiz haqqında düşündüyümüzdən daha çox həqiqət ortaya çıxara bilər. Bu gün bəşəriyyət tarixində heç vaxt olmadığı qədər böyük informasiya imkanlarına sahibdir. Dünyanın ən böyük kitabxanaları, elmi araşdırmalar, universitet mühazirələri, fəlsəfi əsərlər və minilliklərin təcrübəsi bir telefon ekranına sığacaq qədər əlçatandır. İnsan istəsə, bir neçə saniyə ərzində dünyanın nüfuzlu alimlərinin mühazirələrinə qulaq asa, müxtəlif dillərdə kitablar oxuya, tarixi hadisələri araşdıra, elmi yeniliklərlə tanış ola və öz dünyagörüşünü genişləndirə bilər. Lakin burada qəribə bir ziddiyyət yaranır: Məlumat əldə etmək imkanları artdıqca, insanların həmin məlumatlardan nə dərəcədə istifadə etdiyi, düşüncəyə və biliyə nə qədər vaxt ayırdığı ayrıca müzakirə mövzusuna çevrilir. Biz texnologiyanı inkişaf etdirdik, dünyanı bir ekrana sığışdırdıq, amma görəsən, düşüncəmizi də eyni sürətlə inkişaf etdirə bildikmi? Məlumata çıxış əldə etdik, amma məlumatı bilikdən, biliyi hikmətdən ayırmağı öyrəndikmi?
Müasir sosial şəbəkələr artıq sadəcə ünsiyyət vasitəsi deyil. Onlar insanların zövqünü formalaşdıran, davranışlarına təsir edən, ictimai maraqları istiqamətləndirən və diqqəti iqtisadi dəyərə çevirən böyük platformalardır. Bu gün diqqət özü bir növ kapitala çevrilib. Kimin daha çox izləyicisi varsa, kimin görüntüləri daha çox paylaşılırsa, kimin məzmunu daha çox reaksiya doğurursa, həmin insan daha geniş auditoriyaya çıxmaq imkanı qazanır. Lakin burada ciddi bir sual ortaya çıxır: Görəsən, çox izlənmək dəyərli olmaq deməkdirmi? Çox hədiyyə almaq hörmət qazanmaqdırmı? Məşhur olmaq insanın şəxsiyyətini, biliyini və mənəvi keyfiyyətlərini təsdiqləyirmi? Axı populyarlıqla şəxsiyyət, məşhurluqla mənəvi dəyər, izləyici sayı ilə intellektual səviyyə tamamilə fərqli anlayışlardır. İnsan beyni mükafata, sosial qəbul olunmağa və başqalarının diqqətinə qarşı həssasdır. Bəyənilmək, təqdir edilmək və qəbul olunmaq insanın sosial təbiətindən irəli gələn ehtiyaclardır. Sosial şəbəkələr isə bu ehtiyacları rəqəmsal göstəricilərə çevirib. Bəyənmə sayı, izləyici sayı, şərhlər, virtual hədiyyələr və ani reaksiyalar insanda diqqət mərkəzində olmaq hissini gücləndirə bilir. 2021-ci ildə "Nature Communications" jurnalında dərc olunmuş, 4 mindən çox iştirakçının sosial media davranışlarını araşdıran elmi tədqiqat da insanların sosial reaksiyalara uyğun olaraq gələcək davranışlarını dəyişə bildiyini göstərir. Bu, bir daha sübut edir ki, insanın nəyi mükafatlandırması yalnız həmin anla məhdudlaşmır, onun gələcək seçimlərinə də təsir göstərə bilir. Beləliklə, məsələ yalnız insanların nə izləməsində deyil, izlədiklərinin və mükafatlandırdıqlarının gələcəkdə hansı davranışları təşviq etməsindədir. Bir gənc düşünün: O, hər gün sosial şəbəkələrdə müxtəlif insanları izləyir. Bir tərəfdə illərlə təhsil alan, kitab yazan, araşdırma aparan, cəmiyyətin maariflənməsi üçün çalışan insanlar var. Digər tərəfdə isə bir neçə saniyəlik görüntülərlə diqqət cəlb edən, ani emosiyalar yaradan və heç bir ciddi məzmun təqdim etmədən böyük auditoriya toplayanlar var. Gənc hər iki mənzərəni müşahidə edir. Hansının daha çox izlənildiyini, hansına daha çox maddi dəstək göstərildiyini, hansının daha çox müzakirə olunduğunu görür. Zaman keçdikcə onun şüurunda uğur haqqında müəyyən təsəvvür formalaşır. O, özünə sual verir: Nə üçün illərlə oxumalıyam? Nə üçün zəhmət çəkməliyəm? Nə üçün araşdırmalıyam? Əgər diqqət qazanmaq üçün bütün bunlara ehtiyac yoxdursa, niyə çətin yolu seçməliyəm? Əlbəttə, hər bir gəncin belə düşündüyünü iddia etmək düzgün olmaz. Bu gün elmə, kitaba, idmana, texnologiyaya, incəsənətə və faydalı fəaliyyətlərə maraq göstərən çoxlu istedadlı gənclərimiz var. Lakin onları narahat edən əsas məsələlərdən biri də qarşılarında hansı uğur nümunələrinin dayanmasıdır. Çünki insan çox vaxt gördüyü nəticəni təqlid edir, həmin nəticənin arxasındakı prosesi isə nəzərə almır. Məşhur insanın qazandığı diqqəti görür, lakin onun hansı bacarıqlara, hansı əməyə və hansı məsuliyyətə sahib olduğunu araşdırmır. Bəzən isə ortada təqlid ediləcək ciddi bir keyfiyyət belə olmur. Ən təhlükəli məqam gəncin asan şöhrəti uğur, zəhməti isə lazımsız maneə kimi qəbul etməyə başlamasıdır. Çünki bir nəslin uğur anlayışı dəyişəndə, onun həyat məqsədləri də dəyişə bilər.
Burada valideynlərin, müəllimlərin və bütövlükdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Biz uşaqlara kitab oxumağı tövsiyə edə bilərik, amma özümüz kitab oxumuruqsa, sözümüzün təsiri nə qədər olacaq? Onlara zəhmətin vacibliyindən danışa bilərik, amma zəhmət çəkən insanı qiymətləndirmiriksə, hansı nümunəni təqdim edirik? Onlardan savadlı, məsuliyyətli və düşüncəli olmalarını tələb edə bilərik, amma cəmiyyət olaraq səthi şöhrəti daha çox mükafatlandırırıqsa, bu ziddiyyətin səbəbini özümüzdə də axtarmalıyıq. Uşaqlar yalnız onlara deyilənləri öyrənmirlər, həm də böyüklərin davranışlarını müşahidə edərək həyata münasibət formalaşdırırlar. Onlar valideynlərinin kitaba, müəllimə, zəhmətə, elmə və insan əməyinə necə münasibət göstərdiyini görürlər. Sosial şəbəkələrdə isə böyüklərin nəyə heyran olduğunu, hansı insanları önə çıxardığını müşahidə edirlər. Bizim davranışlarımız bəzən min dəfə söylədiyimiz nəsihətdən daha təsirli olur. İnsan dəyəri ilə insanın bazar dəyərinin bir-birinə qarışması. İnsan tarix boyu müxtəlif meyarlarla qiymətləndirilib. Bəzən var-dövlətinə, bəzən mənsub olduğu ailəyə, bəzən fiziki gücünə, bəzən də cəmiyyətdə tutduğu mövqeyə görə. Müasir rəqəmsal dünyada isə yeni bir ölçü meydana çıxıb: görünürlük. Nə qədər çox görünürsənsə, bir o qədər əhəmiyyətli hesab edilirsən. Nə qədər çox izləyicin varsa, bir o qədər nüfuzlu görünürsən. Nə qədər çox reaksiya alırsansa, sanki bir o qədər dəyərli insana çevrilirsən. Lakin bu, insanın mahiyyətini ölçmək üçün olduqca yanlış tərəzidir. Sokratın fəlsəfəsinin əsas istiqamətlərindən biri insanın özünü tanıması, düşüncələrini sorğulaması və həyatını mənəvi baxımdan dəyərləndirməsi idi. Onun yanaşmasında əsas məsələ insanların insanı nə qədər tanıması deyil, insanın özünü nə qədər dərk etməsi idi. Bu gün isə bəzən insan özünü tanımaqdan daha çox başqalarına tanıtmağa çalışır. Daxili aləmini zənginləşdirmək əvəzinə xarici görünüşünü, həyatını və davranışlarını nümayiş etdirməyə üstünlük verir. Halbuki özünü inkişaf etdirmək insanın daxilinə doğru hərəkətidir, özünü nümayiş etdirmək isə çox vaxt başqalarının baxışına doğru yönələn hərəkətdir. Birincisi şəxsiyyət yaradır, ikincisi isə bəzən yalnız obraz formalaşdırır. Aristotelin xoşbəxtlik haqqında düşüncələri də bu məsələdə maraqlı müqayisə yaradır. O, xoşbəxtliyi ani həzzlə eyniləşdirmir, onu insanın ağıl və fəzilət əsasında yaşadığı dolğun həyatla əlaqələndirirdi. Bu baxımdan insanın bir neçə saniyəlik diqqət qazanması ilə mənalı həyat qurması arasında böyük fərq var. Ani alqış insanı sevindirə bilər, amma xarakter yaratmır. Məşhurluq insana tanınmaq imkanı verə bilər, amma ona avtomatik olaraq müdriklik qazandırmır. İnsan öz dəyərini başqalarının reaksiyasına bağladıqca daxili azadlığını itirmək təhlükəsi ilə üzləşir. Bir müddət sonra nəyi sevdiyini deyil, nəyin daha çox bəyənildiyini düşünməyə başlayır. Nə demək istədiyini deyil, nə desə daha çox izlənəcəyini hesablayır. Beləliklə, insan öz həyatının müəllifi olmaqdan çıxıb başqalarının diqqəti üçün rol oynamağa başlayır. Qurani-Kərimin Hucurat surəsinin 13-cü ayəsində insanların fərqli xalqlara və qəbilələrə ayrılmasının bir-birini tanımaq məqsədi daşıdığı, Allah qatında üstünlüyün isə təqva ilə əlaqəli olduğu bildirilir. Bəqərə surəsinin 177-ci ayəsində yaxşılığın yalnız zahiri formalara endirilmədiyi, imanla yanaşı ehtiyacı olanlara yardım etməyin, əhdə vəfa göstərməyin və səbirli olmağın da mənəvi dəyərin tərkib hissəsi olduğu vurğulanır. Maidə surəsinin 2-ci ayəsində isə yaxşılıq və təqva işlərində yardımlaşmaq tövsiyə olunur. Bu ayələrin mənəvi məntiqi bizə mühüm bir həqiqəti xatırladır: İnsan yalnız özünü göstərməklə deyil, başqasına fayda verməklə də dəyər qazanır. Dini dəyərlərin mahiyyətini də burada axtarmaq lazımdır. İnsan başqasının diqqətini qazanmaq üçün deyil, öz vicdanı qarşısında məsuliyyət daşıdığı üçün yaxşılıq etməlidir. Çünki insanlar görməyəndə də insanın əxlaqı davam etməlidir. Alqış olmayanda da zəhmət dayanmalı deyil. Təşəkkür edilməyəndə də faydalı işin dəyəri itməməlidir. Əsl xarakter insanın tamaşaçı qarşısında deyil, tamaşaçı olmadığı zaman necə davrandığında üzə çıxır. İnsanın mənəvi böyüklüyü də məhz burada başlayır: O, yaxşılığı nümayiş etdirmək üçün deyil, yaxşılığın özünü dəyər hesab etdiyi üçün edir. İsgəndəriyyə kitabxanası, Bağdadın Beytül-Hikməsi, Nizami Gəncəvinin əsərləri, Nəsirəddin Tusinin elmi irsi və Avropada İntibah dövrünün elmi-mədəni yüksəlişi bir həqiqəti göstərir: Cəmiyyətin inkişafında biliyin toplanması, qorunması və gələcək nəsillərə ötürülməsi həlledici rol oynayır. Bağdaddakı Beytül-Hikmə yalnız kitabların saxlandığı bir məkan deyildi. O, müxtəlif mədəniyyətlərdən gələn elmi biliklərin tərcümə edildiyi, müzakirə olunduğu və inkişaf etdirildiyi intellektual mühit idi. Müxtəlif dillərdəki əsərlər tərcümə edilir, riyaziyyat, astronomiya, tibb və fəlsəfə sahələrində yeni biliklərin yaranmasına zəmin hazırlanırdı. Bu tarixi təcrübədən çıxan nəticə odur ki, inkişaf etmiş cəmiyyətlər biliyi yalnız fərdi maraq kimi qəbul etməyiblər, onu ictimai sərvət hesab ediblər. Bəs bu gün biz biliyə necə münasibət göstəririk?, Bir alimin, müəllimin, yazıçının və ya araşdırmaçının fikrinin yayılması üçün nə qədər səy göstəririk?, İnsanların həyatına fayda verə biləcək məqalələri, mühazirələri, kitabları və maarifləndirici çıxışları nə qədər paylaşırıq? Bəlkə də hər birimiz bu suallara vicdanla cavab verməliyik. Əgər bir müəllimin illərlə topladığı təcrübə minlərlə insana çatmırsa, amma mənasız bir görüntü qısa müddətdə böyük auditoriya toplayırsa, burada təkcə texnologiyanın deyil, cəmiyyətin maraq istiqamətinin də müzakirəyə ehtiyacı var. Ancaq bu məsələnin məsuliyyətini yalnız sosial şəbəkələrdə əyləncə məzmunu yaradan insanların üzərinə qoymaq da doğru olmaz. Heç kimə öz zövqünə uyğun məzmun yaratmağı qadağan etmək olmaz. Hər kəsin istirahət etmək, gülmək, əylənmək və öz maraqlarına uyğun məzmun izləmək haqqı var. İnsanın dəyəri onun hansı videoya baxması ilə tam müəyyən olunmur. Eyni zamanda, izləyici sayının azlığı da hansısa insanın fikrinin mütləq daha dərin olduğunu sübut etmir. Məsələnin mahiyyəti əyləncəni düşmənə çevirmək deyil, əyləncənin biliyi, düşüncəni və mənəvi inkişafı tamamilə kölgədə qoymasına imkan verməməkdir. İnsanların şəxsi seçimlərinə hörmət etməklə yanaşı, ictimai dəyərlərin hansı istiqamətdə formalaşdığını da müzakirə etməliyik. Bəzən bir insanın öz pulu ilə nə etməsi barədə mübahisə etmək asandır. Əlbəttə, insan qazandığı pulu istədiyi kimi xərcləyə bilər. Lakin məsələ yalnız pulun kimə verilməsi deyil. Əsas məsələ həmin pulun, diqqətin və ictimai marağın hansı davranışları təşviq etməsidir. Şəxsi seçimə hörmət etmək başqa şeydir, cəmiyyətin ümumi istiqamətini sorğulamaq isə tamam başqa şey. Biz insanları nəyə baxmalı olduqları barədə məcbur edə bilmərik, amma hansı dəyərləri böyütdüyümüzü müzakirə etməkdən də qaça bilmərik. Məhz burada maarifçilik anlayışının əsl mənası ortaya çıxır. Maarifçilik insanlara yuxarıdan baxmaq, onları savadsız adlandırmaq və özünü başqalarından üstün hesab etmək deyil. Maarifçilik insanlarda sual yaratmaq, düşünməyə həvəsləndirmək, həqiqəti axtarmaq və öz seçimlərini şüurlu şəkildə etmək bacarığını inkişaf etdirməkdir. Biz cəmiyyəti dəyişmək istəyiriksə, ilk növbədə öz davranışlarımızdan başlamalıyıq. Kitab oxuyan insanın fikrinə diqqət ayırmalı, müəllimin zəhmətini qiymətləndirməli, elmi və mədəni nailiyyətləri yaymalı, uşaqların qarşısına düzgün nümunələr qoymalıyıq. Gənclərə yalnız nəyi etməməli olduqlarını deyil, nə üçün müəyyən bir yolu seçməli olduqlarını da izah etməliyik. Müasir dövrdə maarifçilik yalnız məktəb lövhəsinin qarşısında dayanan müəllimin vəzifəsi deyil. Bu ailənin, medianın, ziyalıların, ictimai şəxslərin və hər bir düşünən insanın məsuliyyətidir. Hər birimiz bir paylaşımımızla, bir şərhimizlə, bir tövsiyəmizlə hansısa fikrin yayılmasına təsir göstərə bilərik. Bəlkə də bu gün ən çox ehtiyac duyduğumuz şey diqqətimizi yenidən dəyərli olana yönəltməkdir. İnsanları yalnız nə qədər tanındıqlarına görə deyil, nə qədər fayda verdiklərinə görə qiymətləndirməkdir. Uşaqlarımıza məşhur olmağı deyil, dəyər yaratmağı öyrətməkdir. Onlara başqalarının alqışını qazanmaqdan əvvəl öz vicdanlarının qarşısında rahat olmağın vacibliyini anlatmaqdır. Çünki alqış insanı bir anlıq yüksəldə bilər, amma xarakter onu ömür boyu ayaqda saxlayır. Məşhurluq bir insanı minlərlə insana tanıda bilər, amma onun necə xatırlanacağını yalnız əməlləri müəyyən edir. İzləyici sayı insanın nə qədər göründüyünü göstərir, nə qədər düşündürdüyünü və nə qədər fayda verdiyini isə ölçə bilmir. Bir cəmiyyətin ən böyük faciəsi əylənən insanların çoxluğu deyil, düşünən insanların səsinin eşidilməməsidir. Ən böyük təhlükə insanların gülməsi deyil, ciddi məsələlər qarşısında düşünmək qabiliyyətini itirməsidir. Ən böyük itki isə bir nəslin zəhmətlə əldə olunan uğura deyil, zəhmətsiz şöhrətə heyran olmağa başlamasıdır. Biz gələcəkdə savadlı gənclər, güclü müəllimlər, vicdanlı mütəxəssislər, yaradıcı insanlar və məsuliyyətli vətəndaşlar görmək istəyiriksə, bu gün onların dəyər verdiyi mühiti də formalaşdırmalıyıq. Unutmayaq ki, uşaq yalnız bizim dediklərimizi eşitmir, həm də nəyə heyran olduğumuzu görür. Gənc yalnız məktəbdə öyrəndikləri ilə deyil, cəmiyyətin ona təqdim etdiyi uğur nümunələri ilə də formalaşır. Sabah onun hansı yola gedəcəyinə bu gün qarşısına qoyduğumuz nümunələr də təsir edir. Cəmiyyətin gələcəyini yalnız yetişdirdiyi uşaqlar deyil, uşaqların qarşısında ucaltdığı böyüklər də müəyyən edir. Əgər biz gənclərdən elmə, biliyə, zəhmətə, əxlaqa və düşüncəyə hörmət gözləyiriksə, əvvəlcə özümüzdən soruşmalıyıq: Bu gün həmin dəyərlərə nə qədər hörmət edirik? Çünki gələcək nəsil bizim nəsihətlərimizi deyil, çox vaxt bizim mükafatlandırdığımız davranışları təkrarlayacaq. Bir cəmiyyətin həqiqi səviyyəsi kimin daha çox izlənməsi ilə deyil, kimin daha çox nümunə göstərilməyə layiq olması ilə ölçülməlidir. Çünki cəmiyyətin alqışladığı insanlar təkcə bu günün məşhurlarını deyil, sabahın arzularını, məqsədlərini və gələcəyin simasını da müəyyən edirlər.
Həsən Nağıyev, filosof