"Hazırda dünyanın ən amansız nifrət və soyqırımı ərəb və yəhudilər, ukraynalılar və ruslar arasında gedir. Halbuki hər iki cütlük eyni dil ailəsinə mənsubdur (dil ailəsinə mənsubluq genetik olaraq eyni etnosa aidiyyət demək deyil təbii): birincilər semit, ikincilər isə slavyandırlar. Fərq yalnız ondadır ki, ərəb və yəhudilərin dilləri bir-birindən çox uzaq (məsələn, türk dil ailəsi timsalında Azərbaycan və çuvaş dilləri kimi), ukraynalılar və rusların dilləri isə daha yaxındır (türk dil ailəsi timsalında təxmini Azərbaycan və türk dilləri kimi). Tarix göstərir ki, hətta dilləri daha yaxın olanlar da bir-birinə qarşı amansız olur. Məsələn, 90-cı illərdə demək olar ki, tam eyni dildə danışan serb və xorvatlar bir-birini amansız olaraq məhv edirdilər (necə ki, XVI-XVIII əsrlərdə biz türklərlə bir-birimizi qırırdıq)".
Bu fikirləri hüquqşünas Əkrəm Həsənov səsləndirib.
O əlavə edib ki, bunun səbəbini Freyd “kiçik fərqlərin narsizmi” effektində görürdü. Bir-birinə çox bənzəyən iki qrup, xalq və ya insan arasında münasibətlər çox vaxt ən düşməncəsinə olur:
"Səbəb odur ki, kənardan baxanda az görünən həmin xırda fərqlər (məsələn, dialektdəki kiçik tələffüz, dini mərasimdəki cüzi detal, yaxud məişət vərdişi) onların özünəməxsusluğunu sübut etmək üçün yeganə vasitəyə çevrilir.
İkidilli şəxs kimi təsdiq edirəm ki, özüm də yüngül formada bu effektin təsiri altındayam. Yanımda türk və ya slavyan dillərindən birində danışanda mənə elə gəlir ki, danışdığım dili (Azərbaycan və ya rus) “korlayırlar”...