Azərbaycanın regionda sülh təşəbbüsünün müəllifi olduğu qəbul edilir

Azərbaycanın regionda sülh təşəbbüsünün müəllifi olduğu qəbul edilir
19:36

"Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi tarixi Vaşinqton Sülh Sammitinin bir illiyi ilə bağlıdır. Bu da təsadüfi deyil. Çünki ötən bir il ərzində tərəflər münasibətlərin normallaşdırılması istiqamətində əhəmiyyətli addımlar atıblar". 

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev News365.az- a deyib. 

Deputat bildirib ki, telefon söhbətində də Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyiş qeyd edilib. Söhbət zamanı iki ölkə arasında iqtisadi və ticari əlaqələrin inkişafının sülhün faydalarının konkret təzahürü olduğu vurğulanıb. Bu kontekstdə tərəflər Azərbaycanın neft məhsullarının Ermənistana ixracını, habelə tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan digər istiqamətlərə daşınmasını qeyd ediblər. Bundan əlavə, tərəflər Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq TRIPP marşrutunun icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Millət vəkilinin sözlərinə görə, hazırda rəsmi Bakı regionda sülhün təmin olunması üçün siyasi iradə nümayiş etdirir. Müsbət haldır ki, biz Paşinyandan da sülh və sabitliyin önəmi haqqında bəyanatlar eşidirik. Telefon söhbətində də liderlər  sülh prosesinin irəlilədilməsi və regionda davamlı sülhün, sabitliyin, o cümlədən bağlantıların və iqtisadi əməkdaşlığın təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Samir Vəliyev qeyd edib ki, ötən il avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş tarixi Zirvə Görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb, eyni zamanda Birgə Bəyannamə imzalanıb. Bununla da, 30 il ərzində davam edən münaqişə tamamilə bitib, xalqlarımız üçün sülhün, qarşılıqlı etimad dövrünün əsası qoyulub. Bu görüşdən sonra ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir. Artıq hər iki cəmiyyət sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Belə ki, artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir.

Azərbaycan dövləti sübut etdi ki, Zəfər yalnız müharibədə qalib gəlmək deyil, həm də sülh yaratmaq və gələcək nəsillər üçün sabitlik təmin etməkdədir. Bu mənada Prezident İlham Əliyevin sülh təşəbbüsləri böyük siyasi iradəni, ədalətli sülhü və Azərbaycanın seçdiyi əməkdaşlıq yolunu tərənnüm edir. Dövlətimizin başçısının diplomatik məharəti sayəsində Cənubi Qafqaz artıq münaqişə zonası deyil, sabitlik, logistika və enerji mərkəzinə çevrilməkdədir. Buna görə də, dünya ictimaiyyəti Prezident İlham Əliyevin təqdim etdiyi sülh gündəliyini birmənalı olaraq qəbul edir. 

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqton şəhərində görüşün keçirilməsi, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə onun nəticələrinə dair Birgə Bəyannamə ninimzalanması regional təhlükəsizlik, əməkdaşlıq baxımından mühüm əhəmiyyətə malikdir. Üçtərəfli görüş çərçivəsində əlavə olaraq hər iki ölkənin xarici işlər nazirləri tərəfindən "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsi paraflanıb, habelə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət edilərək Minsk Prosesinin və onunla əlaqədar strukturların tamamilə ləğvi barədə sənəd imzalanıb.

Vaşinqton Sammitinin nailiyyətlərindən biri də Azərbaycanın Naxçıvan bölgəsi ilə maneəsiz bağlantını təmin edəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsidir. Bu marşrut - Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinin inteqrasiyasına səbəb olacaq. Hazırda bu layihənin reallaşdırılması istiqamətində praktiki addımlar atılır. 

Samir Vəliyev qeyd edib ki, Vaşinqton razılaşmaları Ermənistan üçün də önəmli faydalar gətirir. Belə ki, ötən bir ildə Azərbaycan Ermənistana yük daşımaları üçün hər cür şəraiti yaradıb. Qazaxıstan və Rusiya Federasiyasından Azərbaycan  ərazisindən tranzit keçməklə Ermənistana buğda və başqa məhsullar daşıyıb. Azərbaycandan isə Ermənistana neft məhsullarının ilk ixracı  ötən ilin dekabrında başlayıb. Rəsmi Bakının bu istiqamətdə Ermənistana neft və neft məhsullarını davamlı tədarük etməsi bu ölkədə yanacağın qiymətinin tənzimlənməsinə, monopoliyanın zəifləməsinə təsir göstərib. Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir. 

Bu ilin aprelində isə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Ermənistana səfər etməsi də rəsmi Bakının sülh prosesinə, əməkdaşlığa sadiqliyinin ifadəsidir. 

"Birmənalı olaraq bu və digər razılaşmalar Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün olub. Rəsmi Bakı Vaşinqton görüşündə əldə edilən razılığa və imzalanan sənədlərə uyğun olaraq sülh, normallaşma prosesinə töhfələr verir. Nikol Paşinyanın Prezident İlham Əliyevə telefon zəngi də dövlətimizin başçısının regionda lider statusunun və bölgədə sülh təşəbbüsünün müəllifi olduğunun Ermənistan tərəfindən qəbul edilməsinin göstəricisidir" - deyə, Samir Vəliyev vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada