Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin Vaşinqtonda paraflanmasından bir il ötür. Uzun illər davam edən qarşıdurmadan sonra əldə olunan razılaşma Cənubi Qafqazda yeni siyasi reallığın formalaşması baxımından mühüm mərhələ hesab olunur.
Milli Məclisin deputatı Aydın Hüseynov Vaşinqton görüşünün ildönümü ilə bağlı News365.az-a açıqlamasında bildirib ki, həmin prosesin əhəmiyyəti yalnız sənədin mətnindən deyil, regionun gələcəyi ilə bağlı siyasi gündəmdə yaratdığı dəyişiklikdən ibarətdir.

Deputatın sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərində əsas müzakirə mövzuları artıq əvvəlki kimi deyil:
“Uzun müddət müzakirələrin mərkəzində yeni toqquşma ehtimalı dayanırdı. İndi isə söhbət sülhün möhkəmləndirilməsindən, sərhədlərin müəyyənləşdirilməsindən, kommunikasiyaların açılmasından və iqtisadi əlaqələrin inkişafından gedir. Bu dəyişiklik Vaşinqton prosesinin ən mühüm nəticələrindən biridir”.
Aydın Hüseynov qeyd edib ki, bu mərhələyə gəlib çıxmaq Azərbaycanın uzun illər apardığı ardıcıl siyasətin nəticəsidir.
“Prezident İlham Əliyev danışıqlarda Azərbaycanın milli maraqlarını, suverenliyini və ərazi bütövlüyünü əsas xətt kimi qoruyub. Azərbaycanın meydanda yaratdığı reallıqla diplomatik proses arasında birbaşa əlaqə olub. Əsas məsələ əldə olunan nəticələri danışıqlar masasında siyasi razılaşmaya çevirmək idi”.
Deputat Prezident İlham Əliyevin danışıqlar prosesində xüsusi rol oynadığını vurğulayıb:
“Prezident İlham Əliyev Azərbaycanın mövqeyini qorumaqla yanaşı, sülh gündəliyinin əsas prinsiplərinin müəyyənləşməsinə də ciddi təsir göstərib. Bu yanaşma Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin formalaşmasına imkan verib”.
Aydın Hüseynovun sözlərinə görə, Vaşinqtonda sülh sazişinin mətninin paraflanması prosesin mühüm mərhələsi olsa da, bu, hələ son nöqtə deyil.
“Sənədin tam şəkildə qüvvəyə minməsi üçün əlavə siyasi və hüquqi addımlar tələb olunur. Qarşıdakı dövr əldə olunan razılaşmaların praktiki nəticələrə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.
Deputat hesab edir ki, davamlı sülhün təmin olunması üçün siyasi razılaşmalarla yanaşı, ölkələr arasında real əlaqələrin qurulması da vacibdir.
“Nəqliyyat yollarının açılması, ticarətin genişlənməsi və iqtisadi əməkdaşlığın artması ölkələr arasında qarşılıqlı maraqları gücləndirə bilər. Bu isə sülhün möhkəmlənməsi üçün daha sağlam zəmin yaradacaq”.
O bildirib ki, prosesin regional əhəmiyyəti də kifayət qədər böyükdür:
“Cənubi Qafqaz uzun illər qarşıdurma və geosiyasi rəqabətlə yadda qalıb. İndi isə regionun nəqliyyat, enerji və iqtisadi imkanlarının genişləndirilməsi üçün yeni şərait yaranır. Azərbaycan bu dəyişikliklərin əsas iştirakçılarından biridir və Prezident İlham Əliyevin regional əməkdaşlığa yönəlmiş siyasəti bu istiqamətdə mühüm rol oynayır”.
Aydın Hüseynov qeyd edib ki, Vaşinqton görüşündən bir il sonra Azərbaycan və Ermənistan münasibətlərində müharibə ehtimalının müəyyən etdiyi gündəmdən sülh imkanlarının müzakirə olunduğu mərhələyə keçid müşahidə edilir.
“Paraflanan sənəd bu dəyişimin mühüm siyasi ifadəsidir. İndi əsas vəzifə əldə olunan razılaşmanı dayanıqlı sülhə çevirmək və bunun üçün siyasi iradəni konkret addımlarla dəstəkləməkdir”.
Deputatın fikrincə, prosesin uğuru yalnız Azərbaycan-Ermənistan münasibətlərinə deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyinə də təsir göstərə bilər.
“Azərbaycanın yaratdığı yeni reallığın diplomatik nəticələrlə möhkəmləndirilməsi və regional əməkdaşlığa çevrilməsi qarşıdakı mərhələnin əsas məsələsi olaraq qalır”.