Milli Məclisin deputatı Fazil Mustafa Ermənistanın baş naziri Nikol Paşinyanın seçki kampaniyası ilə bağlı fikirlərini bölüşüb.
Deputat bu barədə “Facebook” səhifəsində paylaşım edib. O, Paşinyanın seçki kampaniyası zamanı əsas diqqəti gənclərə yönəltdiyini və Ermənistanın gələcəyi ilə bağlı realist yanaşmanı ön plana çıxardığını bildirib.
Fazil Mustafa qeyd edib ki, Paşinyanın qarşısında uzun illər “Böyük Ermənistan” ideyası və tarixə bağlı millətçi yanaşmalarla formalaşmış cəmiyyətin mövqeyini dəyişmək kimi çətin vəzifə dayanıb.
“Paşinyanın seçki kampaniyasını ciddi şəkildə izləyirdim. Düşünürdüm, illərdir ‘Böyük Ermənistan’ və tarix narsizmi xəstəliyinə yoluxmuş bu türkəfob toplumu görən necə ram edəcəkdi? Üzünü əsasən gənclərə tutdu, onlarla dialoqa girdi. Yaxasına Ermənistan Respublikasının sərhədlərini ehtiva edən xəritəni, yəni kiçik Ermənistanı göstərən nişanı taxdı və əlində də bu xəritə nişanını qarşısına çıxana payladı”, – deyə deputat bildirib.
Onun sözlərinə görə, Paşinyan təbliğatını Ermənistanın keçmişdəki iddialarından uzaqlaşaraq real gələcəyə istiqamətlənməsi ideyası üzərində qurub.
“‘Böyük Ermənistan’ və tarix narsizmi xəstəliyinə yoluxmuş xeyli erməni ictimai xadimləri illərdir erməni xalqını uçuruma sürükləyiblər. David, Tiqran, Andronik adı altında duyğularınızı sömürüblər, beyinlərinizi zəhərləyiblər. Guya Qarabağı ələ keçirdik deyərkən, az qala Ermənistan Respublikasını itirmiş olacaqdıq”, – deyə Fazil Mustafa qeyd edib.
Deputat vurğulayıb ki, Ermənistanın gələcəyi tarixi xəyallar üzərində deyil, realist siyasət və qonşularla əməkdaşlıq əsasında qurulmalıdır.
“Ona görə də realist siyasətə dönməsək, xəyallar üzərində gələcəyimizi qurmağa davam etsək, məhv ola bilərik. Oturun məclislərdə Davidin, Tiqranın, Andronikin və başqalarının sağlığına nə qədər istəyirsiniz tost deyib için. Ancaq ayağa qalxanda üzünüzü Ermənistanın keçmişinə deyil, dənizdən dənizə uzanan xəyallarına deyil, real gələcəyinə doğru tutun”, – deyə deputat yazıb.
Fazil Mustafa bildirib ki, Ermənistanın qonşu ölkələrlə münasibətlərində də nifrət deyil, əməkdaşlıq əsas götürülməlidir.
“Qonşularla nifrət bəsləmək yerinə əməkdaşlığa getməliyik. Erməni xəstəliyindən, tarix narsizmindən xilas olmağı və real Ermənistana fayda verməyi düşünən çoxluq səs verib yenidən onu dəstəklədi”, – deyə deputat əlavə edib.
Fazil Mustafa paylaşımının sonunda Paşinyanın siyasi yanaşmasına münasibətini də ifadə edib: “Erməni də olsa, başı işləyirmiş...”.