Uşaqlıq və yeniyetməlik dövründə müntəzəm olaraq şəkərli içkilər, qazlı içkilər, enerji içkiləri və meyvə şirələri qəbul etmək gələcəkdə yüksək təzyiq riskini artıra bilər.
News365.az xəbər verir ki, Amerika Ürək Assosiasiyasının "Circulation" jurnalında dərc olunan 25 illik araşdırmada erkən yaşlarda formalaşan qidalanma vərdişləri ilə yetkinlik dövründə ürək-damar sağlamlığı arasındakı əlaqə araşdırılıb.
Toronto Universitetinin alimlərinin apardığı tədqiqatda 25 mindən çox insanın məlumatları təhlil edilib. İştirakçılar illər ərzində qazlı içkilər, limonad, şəkərli çay, enerji içkiləri və meyvə şirələrindən istifadə tezliyi barədə məlumat veriblər.
Nəticələrə görə, gündə iki və ya daha çox şəkərli içki qəbul edənlərdə yüksək təzyiq riski həftədə üç dəfədən az belə içkilər istehlak edənlərlə müqayisədə 52 faiz daha yüksək olub.
Ayrı-ayrı içkilər üzrə də diqqətçəkən nəticələr əldə edilib. Gündə bir banka qazlı içki içmək yüksək təzyiq riskini 23 faiz, bir enerji içkisi qəbul etmək isə 36 faiz artırıb.
Meyvə şirəsinin də tamamilə zərərsiz olmadığı müəyyənləşib. Gündə yarım stəkandan çox meyvə şirəsi içənlərdə yüksək təzyiq riski 35 faiz artıb. Xüsusilə gündəlik portağal şirəsi istehlakı 20 faizlik risk artımı ilə əlaqələndirilib.
Araşdırma zamanı meyvə şirəsini təzə meyvə ilə əvəz etməyin isə daha faydalı olduğu müəyyənləşib. Belə dəyişiklik yüksək təzyiq riskini 19 faiz azalda bilər. Gündəlik şəkərli içkinin təzə meyvə ilə əvəzlənməsi isə riskin 22 faiz azalması ilə əlaqələndirilib.
Şəkərli içkilərin su və ya südlə əvəz edilməsi də yüksək təzyiq riskini 13 faizə qədər azalda bilər.
Mütəxəssislər uşaqlıqdan etibarən sağlam qidalanma vərdişlərinin formalaşdırılmasının vacibliyini vurğulayırlar.