Aksizlər üzrə dövlət büdcəsinə vergi daxilolmaları 1 milyard 669 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 85 milyon manat və ya 5.4 faiz çoxdur.
News365.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
Həmçinin bu, 2025-ci ilin icrası ilə müqayisədə 204.9 milyon manat və ya 14 faiz çoxdur.
Həmin məbləğin 52.9 faizi və ya 883 milyon manatı qeyri-neft-qaz sektorunun, 47.1 faizi və ya 786.0 milyon manatı neft-qaz sektorunun payına düşür. Qeyri-neft-qaz sektoru üzrə aksiz vergisi cari ilin proqnozu ilə müqayisədə 78 milyon manat və ya 97 faiz, neft-qaz sektoru üzrə 7 milyon manat və ya 0,9 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə neft-qaz sektoru üzrə 3.7 milyon manat və ya 0.5 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 201.1 milyon manat və ya 29.5 faiz çox nəzərdə tutulur.
Neft-qaz sektoru üzrə 2026-cı ilin proqnozu ilə müqayisədə artıma səbəb yanacaq enerji balansının göstəricilərinə əsasən, Azərbaycan Respublikasında istehsal olunan və daxili istehlaka yönəldilən dizel yanacağının 115.4 min ton və ya 5.0 faiz artımla proqnozlaşdırılmasıdır.
Qeyri-neft-qaz sektoru üzrə artım əsasən siqaret istehsalının 7.5 milyon qutu və ya 1.2 faiz, içməli spirt istehsalının 62.2 min dekalitr və ya 8.5 faiz, araq istehsalının 110.5 min dekalitr və ya 6.6 faiz, pivə istehsalının 179 min dekalitr və ya 3.2 faiz artması, eyni zamanda aksiz vergisinə cəlb olunan məhsulların siyahısının genişləndirilməsi ilə əlaqədar olub.