ABŞ-İran qarşıdurması fonunda mümkün nüvə hücumu ilə bağlı müzakirələr beynəlxalq gündəmin diqqətçəkən mövzularından birinə çevrilib. Vaşinqtonun Tehrana qarşı sərt mövqeyi, Donald Trampın gözlənilməz qərarları və İsrailin İrana münasibətdə maksimalist tələbləri bölgədə hərbi eskalasiya ehtimallarını artırır. Bəs ABŞ həqiqətən İrana qarşı nüvə silahından istifadə edə bilərmi? Belə bir addım hansı nəticələrə yol aça bilər və münaqişənin genişlənməsi Azərbaycanın təhlükəsizliyinə necə təsir edər?
Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bu məsələlərə münasibət bildirib.

Ekspertin fikrincə, ABŞ-ın yaxın günlərdə İrana qarşı hərbi təzyiqi artırması, hətta genişmiqyaslı zərbələr endirməsi ehtimalı ciddi qəbul edilməlidir. Bununla belə, hərbi əməliyyatların nüvə hücumu ilə nəticələnəcəyini söyləmək üçün əsas yoxdur.
Turan Rzayev bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyası ilə bağlı səsləndirilən nüvə zərbəsi iddialarının müzakirəyə çıxarılmasının səbəblərindən biri də ABŞ-da “Fox News”un keçmiş aparıcısı Taker Karlsonun noyabrın 1-də verdiyi açıqlamadır. Karlson Tramp administrasiyasının yaxın günlərdə İrana nüvə zərbəsi endirə biləcəyini iddia edib. Onun sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidentinə İranın nüvə proqramı ilə əlaqəli obyektlərin vurulması üçün təzyiq göstərir.
Politoloq vurğulayıb ki, bu açıqlamalar rəsmi qərar və ya təsdiqlənmiş hərbi plan hesab edilə bilməz. ABŞ-ın İranın nüvə infrastrukturunu sıradan çıxarmaq üçün nüvə silahından istifadə etmədən də kifayət qədər hərbi imkanları var. Vaşinqton möhkəmləndirilmiş və yeraltı obyektləri adi, lakin yüksək dağıdıcı gücə malik silahlarla hədəfə ala bilər.
Rzayevin fikrincə, Trampın siyasi üslubunda gözlənilməzlik və güc nümayişi mühüm yer tutsa da, nüvə silahından istifadə tamamilə fərqli strateji qərardır. Belə bir addım ABŞ-ın beynəlxalq mövqeyinə, müttəfiqləri ilə münasibətlərinə, iqtisadiyyatına və qlobal təhlükəsizlik sisteminə ciddi zərbə vura bilər.
O hesab edir ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışan Vaşinqtonun özünün nüvə silahından istifadə etməsi beynəlxalq ictimaiyyət qarşısında ciddi siyasi ziddiyyət yaradardı. Bundan başqa, belə bir presedent digər dövlətləri də təhlükəsizliklərini təmin etmək üçün nüvə silahı əldə etməyə sövq edə bilər.
Politoloq hesab edir ki, ABŞ-ın İrana nüvə zərbəsi endirməsi halında Tehran cavabsız qalmayacaq. Onun sözlərinə görə, İranın ABŞ-la birbaşa hərbi güc müqayisəsində imkanları məhdud olsa da, regionda təsir mexanizmləri kifayət qədər genişdir.
Belə bir ssenaridə İran İsrailə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirə, Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazalarını hədəfə ala və regiondakı müttəfiq silahlı qruplar vasitəsilə münaqişənin coğrafiyasını genişləndirə bilər.
Ekspert Hörmüz boğazının da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun fikrincə, bu strateji marşrutda gəmiçiliyin məhdudlaşdırılması dünya enerji bazarında ciddi böhrana səbəb ola bilər. Neft qiymətlərinin kəskin artması, daşınma xərclərinin yüksəlməsi və enerji təchizatında yaranacaq problemlər Avropa və Asiya iqtisadiyyatlarına da təsirsiz ötüşməz.
Turan Rzayevin sözlərinə görə, mümkün nüvə hücumunun ən təhlükəli nəticələrindən biri böyük dövlətlərin prosesə müdaxiləsi ehtimalıdır.
Politoloq qeyd edib ki, Rusiya və Çin İranın tamamilə sıradan çıxarılmasında maraqlı deyil. Moskva üçün Tehran Yaxın Şərqdə mühüm tərəfdaş, Pekin üçün isə enerji təhlükəsizliyi və ticarət baxımından əhəmiyyətli ölkədir.
Bununla belə, ekspert hesab edir ki, Rusiya və Çinin ABŞ-la birbaşa hərbi qarşıdurmaya girməsi avtomatik ssenari deyil. Lakin İrana qarşı nüvə silahından istifadə beynəlxalq təhlükəsizlik sistemində ciddi sarsıntı yarada və böyük dövlətlər arasında qarşıdurma riskini artıra bilər.
Onun fikrincə, münaqişəyə digər böyük güclərin də birbaşa hərbi müdaxiləsi baş verərsə, regional müharibə qlobal təhlükəsizlik böhranına çevrilə bilər.
Politoloq ABŞ-İran qarşıdurmasının genişlənməsinin Azərbaycanın təhlükəsizliyi və iqtisadi maraqları baxımından da ciddi nəticələr doğura biləcəyini bildirib.
Onun sözlərinə görə, İran ərazisində sabitliyin pozulması və mümkün humanitar böhran azərbaycanlılar da daxil olmaqla müxtəlif etnik qrupların sərhədə doğru hərəkətinə səbəb ola bilər. Bu isə Azərbaycan üçün əlavə humanitar və təhlükəsizlik çağırışları yaradar.
Rzayev əlavə edib ki, hərbi əməliyyatların genişlənməsi Tehranın region ölkələrinə münasibətini də sərtləşdirə bilər. Eyni zamanda, enerji və nəqliyyat marşrutlarında yaranacaq problemlər, qlobal ticarət və maliyyə bazarlarında qeyri-sabitlik Azərbaycan iqtisadiyyatına təsir göstərə bilər.
Politoloq hesab edir ki, neft qiymətlərinin yüksəlməsi müəyyən iqtisadi üstünlüklər yaratsa da, müharibənin ümumi nəticələri Azərbaycan üçün daha ciddi risklər doğura bilər.
Turan Rzayevin qənaətinə görə, hazırkı mərhələdə ABŞ-ın İrana nüvə zərbəsi endirməsindən daha çox, adi silahlarla genişmiqyaslı hərbi əməliyyatlara başlaması real görünür.
Ekspertin fikrincə, Trampın əsas məqsədi İranı tamamilə məhv etməkdən daha çox, hərbi təzyiq, sanksiyalar və güc nümayişi vasitəsilə Tehranın danışıqlar masasında Vaşinqtonun şərtlərini qəbul etməsinə nail olmaqdır.
Politoloq hesab edir ki, nüvə silahından istifadə isə bu strategiyanın əksinə, münaqişəni daha geniş coğrafiyaya yayaraq prosesin nəzarətdən çıxmasına səbəb ola bilər.