Heyvan alarkən onun sağlamlığına, mənşəyinə və hansı şəraitdə yetişdirildiyinə əmin olmaq hər bir alıcı üçün vacibdir. Lakin ənənəvi heyvan bazarlarında bu məlumatları əldə etmək həmişə mümkün olmur. Bəzən alıcı yalnız satıcının verdiyi məlumata əsaslanaraq qərar verməli, fermer isə məhsulunu satmaq üçün əlavə nəqliyyat və digər xərclərlə üzləşməli olur. İndi isə bu sahədə rəqəmsal texnologiyaların tətbiqi ilə vəziyyətin dəyişməsi gözlənilir. Elektron satış platformalarının yaradılması heyvandarlıq sektorunda şəffaflığı artırmaqla yanaşı, alqı-satqı qaydalarına da yeni yanaşma gətirə bilər.
Bəs ənənəvi heyvan bazarlarının elektron platformalarla əvəzlənməsi fermerlərə və alıcılara nə qazandıracaq? Bu dəyişiklik ət və diri heyvan qiymətlərinə təsir göstərə bilərmi? Rəqəmsal sistemə keçid kənd təsərrüfatı ilə məşğul olan şəxslər üçün nə dərəcədə əlçatan olacaq?
İqtisadçı Xalid Kərimli News365.az-a açıqlamasında yeni rəqəmsal platformaların tətbiqinin aqrar sektor üçün müsbət nəticələr verə biləcəyini bildirib.
Onun sözlərinə görə, elektron sistem ilk növbədə heyvanlar haqqında məlumatların daha əlçatan və şəffaf olmasına şərait yaradacaq. Alıcılar satışa çıxarılan heyvanın mənşəyi, cinsi, sağlamlıq vəziyyəti və baytarlıq nəzarətindən keçib-keçməməsi barədə əvvəlcədən məlumat əldə edə biləcəklər. Bu isə həm alıcıların risklərini azaldacaq, həm də bazarda etimad mühitini gücləndirəcək.
İqtisadçı hesab edir ki, belə bir sistemin uğurlu olması üçün ənənəvi heyvan bazarlarının birdən-birə bağlanması düzgün yanaşma deyil. Fiziki bazarlarla elektron satış platformaları müəyyən müddət paralel fəaliyyət göstərməli, keçid mərhələli şəkildə həyata keçirilməlidir.
Xalid Kərimli vurğulayıb ki, canlı heyvanların elektron platformalar vasitəsilə satılması beynəlxalq təcrübədə geniş yayılıb. Azərbaycanda da bu modelin tətbiqi mövcud təcrübənin yerli şəraitə uyğunlaşdırılması deməkdir.
Ekspertin fikrincə, rəqəmsallaşmanın digər mühüm üstünlüyü logistika xərclərinin azalması ilə bağlıdır. Hazırda fermerlər heyvanları satış üçün bazara aparır, alıcı tapılmadıqda isə yenidən təsərrüfata qaytarmağa məcbur olurlar. Bu isə həm vaxt, həm də əlavə maliyyə itkisi yaradır.
Elektron satış imkanları genişləndikcə heyvanların bazara daşınması ilə bağlı belə xərclərin bir hissəsinin aradan qalxması mümkündür. Bundan başqa, ənənəvi alqı-satqıda iştirak edən vasitəçilərin rolunun azalması da qiymətlərin formalaşmasına təsir göstərə bilər. Kərimlinin qənaətinə görə, bu amillər son nəticədə satış qiymətlərinə müsbət təsir edə bilər.
Bununla belə, iqtisadçı yeni sistemə keçidin müəyyən çətinliklər yaradacağını da istisna etmir. Əsas problemlərdən biri fermerlərin bir qisminin elektron platformalardan istifadə təcrübəsinin məhdud olmasıdır.
O bildirib ki, sistemin səmərəli işləməsi üçün fermerlərin internetə çıxışı, bank hesabları, elektron ödəniş imkanları və platformaya etimadı təmin edilməlidir. Çünki heyvanın elektron qaydada satılması və ödənişin bank hesabına köçürülməsi bir çox təsərrüfat sahibləri üçün yeni təcrübə olacaq.
Xalid Kərimlinin fikrincə, ən optimal yol ənənəvi bazarları dərhal ləğv etmək deyil, fermerlərə seçim imkanı yaratmaqdır. Elektron satışdan istifadə etmək istəyənlər bu platformalara qoşulmalı, ənənəvi ticarətə üstünlük verənlər isə fəaliyyətlərini əvvəlki qaydada davam etdirməlidirlər.
İqtisadçı hesab edir ki, fermerlər yeni sistemə alışdıqca elektron ticarətin əhatə dairəsini genişləndirmək mümkün olacaq. Beləliklə, mərhələli keçid həm aqrar sektorda rəqəmsallaşmanı sürətləndirə, həm də alıcı və satıcılar üçün daha şəffaf ticarət mühiti yarada bilər.