2026-2027-ci
tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsini
əhatə edəcək.
Paytaxt üzrə 313, 136, 71, 88, 182, 290, 106, 116, 337, 96, 239, 26, 320, 114,
263, 194, 253, 21, 283, 196, 45, 19, 227, 135, 302, 104, 51, 144, 262 nömrəli
tam orta məktəblər, həmçinin 70 və 299 nömrəli məktəb-liseydə yeni təmayül tədris
modelinin tətbiqinə başlanılacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam
orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül
tədris modelinə şagird və müəllimlərin qeydiyyat prosesi davam edir.
Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik
rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb
daxilində daha səmərəli təşkilinə xidmət edir.
Qeydiyyat
prosesində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin
X və XI sinif şagirdləri iştirak edə bilərlər. Tədris prosesinin keyfiyyətinin
yüksəldilməsi məqsədilə qabaqcıl pedaqoji təcrübəyə malik müəllimlər də yeni təmayül
tədris modelinə cəlb olunurlar.
Seçim zamanı peşəkarlıq, pedaqoji fəaliyyət göstəriciləri və tədrisin keyfiyyətinə
təsir edən digər meyarlar nəzərə alınır.
Yeni təmayül tədris modelində iştirak etmək istəyən şagird və müəllimlər
elektron sistem vasitəsilə müraciət edə bilərlər.
Bu layihə nə
qədər perspektivlidir?
Bəri başdan
deyək ki, bu ideya heç də mütərəqqi və effektiv deyil.
Birincisi,
ona görə ki, bu qərar orta məktəbin ümumi fəlsəfəsini, qayəsini şübhə altına
alır. Axı, orta məktəbin vəzifəsi təkcə ali məktəblərə abituriyent hazırlamaq
deyil. Məktəb ilk öncə səmiyyətə sağlam vətəndaşlar hazırlayır. Və bütün
layiqli vətəndaşların da ali təhsil alması kimi bir öhdəlik də yoxdur.
Bundan əlavə,
ancaq Bakı məktəblərində oxuyan şagirdlər üçün xüsusi bir imtiyaz yaratmaq və
onların valideynlərini izafi xərclərdən azad eləmək regionlarda yaşayan
valideynlərə, şagirdlərə qarşı hörmətsizlik və ayrıseşkilik deyilmi?
Bundan əlavə,
seçilmiş məktəblərə qəbulun texniki əsaslandırması yoxdur. Bilinmir ki, adı çəkilən
məktəblər X-XI sinifə növbəti tədris ilindən nə qədər şagird qəbul olunacaq?
Yeni şagird qəbulu üçün məktəbin texniki imkanları varmı?
Həmin məktəbdə
oxuyan və ali təhsil almaq istəməyən şagirdlərin taleyi necə olacaq?
Bu imtiyaz
niyə ancaq Bakı sakinlərinə verilir? Bəs, bölgələrdə ali təhsil almaq istəyənlərə
bu psixoloji basqı deyilmi?
Təbii ki,
yeni qərarla bağlı açıq suallar var. Amma reallıq odur ki, adı çəkilən məktəblərə
yeni şagird və müəllim qəbulu ilə bağlı proses başlayıb.
Bu da cəmiyyətdə birmənalı qarşılanmayıb.
Mövzu ilə bağlı fikirlərini News365.az ilə bölüşən Millət
vəkili Ceyhun Məmmədov hesab edir
ki, təhsil sahəsində atılan istənilən addım ən azı Beynəlxalq təcrübəyə əsaslanmalıdır:
“Təəssüf ki,
bu sahədə bizdə Beynəlxalq təcrübə əksər hallarda nəzərə alınmır.Və təsadüfi
deyil ki, Elm və Təhsil Nazirliyi yeni bir yanaşma ortaya qoyub. Görünür burada
əsas hədəflərdən biri repetitorluğun qarşısını almaqdır. Bəri başdan deyim ki,
bu yanaşmanın o qədər də uğurlu olacağını düşünmürəm. Bu layihənin həyata
keçirilməsi çox ciddi suallar doğurur. Mən öncədən bu layihəyə uğurlar
arzulayıram.Amma bu layihənin perspektivini mən görmürəm. Çünki bu heç bir Beynəlxalq təcrübəyə əsaslanmayan,
ciddi təhlil olunmayan bir yanaşmadır.Eyni zamanda, bu təhsil sektorunda
ayrıseçkiliyə aparıb çıxara biləcək bir məsələdir. Sual oluna bilər ki, nə üçün
sertifikatlaşmada yüksək bal toplayan müəllimlər xüsusi təmayüllü məktəblərdə
tam ştatla fəaliyyət göstərməlidirlər?”
Müsahibimiz
hesab edir ki, yeni yanaşma ciddi bir keyfiyyət fərqi yaratmayacaq:
“Çünki bir
rayonda 150-200 min əhali varsa, bu layihə ilə heç də onların hamısını əhatə
etmək mümkün deyil. 300-500 şagirdi yığdınız bir məktəbə, bəs qalanların taleyi
necə olacaq? Yüksək nəticə göstərə biləcək şagirdlərin də təmayül məktəblərinə
cəmləşməsi düşünmürəm ki, müsbət nəticələrə gətirib çıxartsın. Bu layihə sanki
universitetlərdə yaradılan “Sabah” qruplarının orta məktəb versiyasıdır. Yəqin
ki, bir neçə ildən sonra bu layihənin hansı istiqamətdə getdiyini daha aydın
görəcəyik. Mən bilmirəm ki, bu kimin düşüncəsinin məhsuludur. Amma yanlış bir
metodologiyadır. Və bu təhsildə ayrıseçkiliyin yeni bir göstəricisidir”.
Bir çiçəklə
yaz olmaz...
Millət vəkili
bidirib ki, bir neçə məktəbdə təhsilin keyfiyyətini yüksəltməklə ümumi təhsilin
səviyyəsini qaldırmaq olmaz:
“Lənkəranda
bir məktəbdə yüksək nəticələr qazanmaq olar. Amma bununla Lənkəranda bütün təhsilin
səviyyəsi yüksəlməyəcək. Ona görə də məsələyə
kompleks yanaşma olmalıdır.Bir məktəbi önə çıxartmaqla digər məktəbləri basqı
altında qoymaq olmaz. Və bütün valideynlərin imkanı yoxdur ki, uşaqlarını təmayül
məktəblərinə qoysun. Buna heç məktəbin də texniki imkanı çatmaz. Ona görə də bu
məsələ üzərində ciddi düşünülməlidir. Şəxsən mən düşünürəm ki, bir neçə təmayül
məktəb yaratmaqla ümumi məqsədimizə nail ola bilmərik. Biz bütün məktəblərdə təhsilin
keyfiyyətini artırmalıyıq. Ən əsası təhsili əlçatan və keyfiyyətli etməliyik. O
zaman, istədiyimizə nail ola bilərik. Amma indiki vəziyyətdə bu qərarı tələsik
qəbul edilmiş bir qərar hesab edirəm”.
News365.az