Deputat: Azərbaycan-Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

Deputat: Azərbaycan-Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir
06 Sen 2025 20:50

Azərbaycan-Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Çin Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.

Deputat qeyd edib ki, Azərbaycanın geostrateji mövqeyi, Orta Dəhlizdə mühüm tranzit qovşağı olması Çinin Avropa ilə əlaqələrində ölkəmizin əhəmiyyətini artırır.
Qarşılıqlı etimad hər iki ölkənin milli maraqlarına uyğun əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyini proqnozlaşdırmağa əsas verir. Azərbaycan Çinlə dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltməkdə maraqlıdır. 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin imzalandığını xatırladan deputat nəzərə çatdırıb ki, bu sənəd qarşlıqlı əlaqələrin tarixində yeni bir mərhələnin başlanğıcı kimi qəbul edilir:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin aprel ayında Çinə səfəri bunu bir daha təsdiq etdi. Münasibətlərin inkişaf dinamikası, imzalanmış sənədlər qarşıdakı dövrdə Azərbaycan-Çin tərəfdaşlığının xüsusilə rəqəmsal infrastruktur, yaşıl enerji və logistika kimi sahələrdə daha dinamik inkişaf edəcəyini proqnozlaşdırmaq üçün əsas yaradır. Həm Azərbaycan, həm də Çin sürətlə dəyişən qlobal mühitə uyğun olaraq, praqmatik əməkdaşlığını daha da genişləndirməkdə maraqldır".
Soltan Məmmədov bildirib ki, Azərbaycan qlobal inkişaf, təhlükəsizlik və sivilizasiyalararası dialoq təşəbbüslərinə hər zaman fəal dəstək verir. Burada əsas məqsəd regional və qlobal müstəvidə sülhün, əməkdaşlığın təşviqinə və iqtisadi əlaqələrin gücləndirilməsinə nail olmaqdır: "Məhz bu kontekstdə Azərbaycan–Çin əməkdaşlığı yaxın illərdə bir çox sahələrdə, o cümlədən nəqliyyat-logistika, energetika, ticarət-investisiya və mədəni-təhsil sahələrində dərinləşə bilər. Azərbaycanın tranzit mövqeyi və Çinin böyük iqtisadi gücü bu əlaqələrin strateji tərəfdaşlığa çevrilməsi üçün möhkəm baza formalaşdırıb".
Deputat deyib ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin həcmi ilbəil artmaqdadır. Bu gün Çin, Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ilk beşlikdə yer tutur. Həmçinin Azərbaycan Çinin Cənubi Qafqaz regionu üzrə ən böyük ticarət tərəfdaşıdır: “Dünyada hökm sürən iqtisadi təlatümlər fonunda Azərbaycan-Çin münasibətləri regional və qlobal sabitliyə, inkşafa xidmət edən strateji əməkdaşlığa çevrilib”./ APA


Sizin reklam burada
Sizin reklam burada