Delimitasiya prosesi yeni və praktik mərhələyə keçir

Delimitasiya prosesi yeni və praktik mərhələyə keçir
30 Apr 2026 14:24

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Ermənistana səfər edib.

News365.az xəbər verir ki, Ağverən şəhərində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 13-cü iclası keçirilib.

Görüş zamanı tərəflər delimitasiya prosesinin təşkili, texniki məsələlər və üç əsas təlimat sənədi üzrə razılıq əldə edərək həmin sənədləri hökumətlərə təqdim etmək qərarına gəliblər. Bu, prosesin praktik və sistemli mərhələyə keçdiyini göstərir.

Politoloq Zuriya Qarayeva News365.az-a açıqlamasında bildirib ki, görüş yalnız sərhəd xəttinin müəyyənləşdirilməsi ilə məhdudlaşmır. Onun sözlərinə görə, tərəflər paralel olaraq gələcək münasibətlərin iqtisadi və logistika əsaslarını da müzakirə edirlər.


Ekspert qeyd edib ki, tranzit daşımaları və enerji əməkdaşlığı kimi məsələlərin gündəmə gəlməsi qarşıdurmadan qarşılıqlı fayda modelinə keçidin mümkünlüyünü göstərir və regionda yeni əməkdaşlıq mühitinin formalaşmasına ilkin siqnallar verir.

Ərazi məsələlərinə gəldikdə isə, Qarayeva vurğulayıb ki, proses daha çox texniki xarakter daşıyır və sürətli nəticələr gözləmək real deyil. Delimitasiya əsasən xəritə və hüquqi baza üzərində mərhələli şəkildə aparılır.

Onun sözlərinə görə, bu mərhələdə əsas məqsəd konkret ərazilərin geri qaytarılması deyil, sərhədlərin qarşılıqlı şəkildə tanınması və dəqiqləşdirilməsidir.

Politoloq əlavə edib ki, razılaşdırılan sənədlər və imzalanan protokol tərəflər arasında institusional etimadın formalaşmağa başladığını göstərir. Növbəti görüşün Azərbaycanda keçirilməsi ilə bağlı qərar isə dialoqun davamlı olacağını təsdiqləyir.

Qarayeva hesab edir ki, mövcud dinamika qorunarsa, delimitasiya prosesi tədricən daha geniş sülh sazişinin hüquqi və siyasi əsasına çevrilə bilər.


Sizin reklam burada
Sizin reklam burada