Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Ermənistanı regionda formalaşan yeni geosiyasi reallıqları nəzərə almağa çağırıb.
News365.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, MHP lideri partiyasının parlamentdə keçirilən qrup toplantısında çıxışı zamanı Ermənistanın regional əməkdaşlıq təşəbbüslərinə qoşulmasının ölkə üçün yeni iqtisadi imkanlar yarada biləcəyini bildirib.
Dövlət Bağçalı qeyd edib ki, Ermənistan konstruktiv mövqe nümayiş etdirərək əməkdaşlıq platformalarında yer alarsa, Zəngəzur dəhlizi ölkənin iqtisadi təcriddən çıxmasına və regionla inteqrasiyasına töhfə verə bilər. Onun sözlərinə görə, keçmişə bağlı siyasətin davam etdirilməsi isə İrəvanın gələcək imkanlarını məhdudlaşdıracaq.
MHP sədri vurğulayıb ki, Ermənistan qarşısında iki seçim dayanır: ya köhnə münaqişə yanaşmalarını davam etdirmək, ya da bölgədə yaranmış yeni siyasi reallıqları qəbul edərək sülh və əməkdaşlıq yolunu seçmək.
Bağçalı çıxışında Qarabağ məsələsinə də toxunaraq, bölgədə yaranmış vəziyyətin artıq dəyişməz reallıq olduğunu bildirib. O qeyd edib ki, regionda uzunmüddətli sabitliyin təmin olunması üçün qarşılıqlı hörmət, əməkdaşlıq və qonşuluq münasibətlərinin inkişafı vacibdir.
MHP lideri həmçinin Zəngəzur dəhlizinin Türkiyə ilə Azərbaycan arasında əlaqələri daha da gücləndirəcəyini, eyni zamanda türk dünyasını birləşdirən mühüm nəqliyyat və logistika marşrutlarından birinə çevriləcəyini vurğulayıb.
News365.az