Səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilən Xalq artisti Flora Kərimovanın son durumu açıqlanıb.
Sənətçinin köməkçisi Yaqut İmanova bildirib ki, F.Kərimovanın vəziyyəti yaxşıdır.
Onun sözlərinə görə, Xalq artistinin iki-üç gündən sonra evə buraxılacağı gözlənilir: “Amma son qərarı həkimlər verəcək”.
Y.İmanova onu da deyib ki, sosial şəbəkələrdə və bəzi saytlarda F.Kərimovanın səhhəti ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır:
"Dünən bir saytda yazıblar ki, "Flora xanım koma vəziyyətindədir?". Hətta qızının da şəklini qoyublar, yanında da sual işarəsi. Niyə Flora xanıma qarşı belə insafsızlıq edirlər? Utanmırlar, elə yazıb paylaşırlar. Nə koması? Axı o, koma vəziyyətində olmayıb. Mən bir söz deyirəm, onu yazmırlar. Tamamilə başqa şeylər yazırlar. Biz xəstəxanaya müayinəyə gəlmişdik. İldə bir dəfə müayinədən keçir. Yaş da yaşdır, həkimlər baxdılar, bir-iki problem aşkar etdilər. Bir həftədir ki, xəstəxanadadır. Dedilər ki, Flora xanım, siz bir neçə gün burada qalıb müayinələrdən keçməlisiniz. İnanılmaz dərəcədə şişirdiblər. Bu qədər də şişirtmək olmaz. Flora xanıma qarşı belə hörmətsizlik yolverilməzdir”.
Qeyd edək ki, 85 yaşlı F.Kərimova səhhətində yaranan narahatlıq səbəbindən bir neçə gün əvvəl Liv Bona Dea Hospitala yerləşdirilib. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib./// Ölkə.az