ABŞ prezidenti Donald Trampın bu gün Tehran və Vaşinqton administrasiyaları arasında anlaşma memorandumunun imzalanmasının planlaşdırıldığını açıqlamasından sonra İranın ali lideri Müctəba Xameneinin rəsmi telegram kanalında bəyanat yayılıb.
Sözügedən paylaşımda İran xalqına "milli birlik" çağırışı edilib.
“Milli birlik böyük şeytana qarşı qələbənin ən vacib elementlərindən biridir” başlığı ilə verilən mesajda başda siyasətçilər olmaqla hər kəsin ictimai birliyə zərər vuracaq addımlardan və siyasi çəkişmələrdən uzaq durmasının vacibliyi vurğulanıb.
İran parlamentinin mühafizəkar deputatlarından olan Mahmud Nəbəviyan memoranduma Hörmüz boğazının təcili, məhdudiyyətsiz və ödənişsiz şəkildə açılması, həmçinin uranın zənginləşdirilməsinin dayandırılması ilə bağlı bəndlərin daxil edildiyini bildirib.
Bununla belə, deputat İrana qarşı sanksiyaların ləğvi, dondurulmuş aktivlərin sərbəst buraxılması və İranın 300 milyard dollarlıq fonddan yararlanması məsələlərində qeyri-müəyyənliyin qaldığını qeyd edərək, "Görəsən, bu mətn milli maraqları təmin edirmi?" sualını ünvanlayıb.
İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai də sosial şəbəkə hesabında etdiyi paylaşımda İranın danışıqlar qrupunun həddindən artıq güzəştə getdiyinə işarə edib:
"Danışıqlar masasındakı bu səxavət düşmənin hesablamalarında dəyişikliyə səbəb oldu və İranın zəif olduğu təəssüratını yaratdı".
Axşam saatlarında isə paytaxt Tehranın İbn Sina meydanına toplaşan bir qrup İran vətəndaşı ABŞ ilə aparılan danışıqlara qarşı etiraz aksiyası keçirib. Nümayiş zamanı İran Parlamentinin və danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf və İranın xarici işlər naziri Abbas Əraqçi əleyhinə şüarlar səsləndirilib.