İyunun 14-də Ermənistanın Dilican şəhərində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilən görüş regionda sülh prosesinin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri politoloq Turan Rzayev News365.az-a açıqlamasında səsləndirib.

Ekspert bildirib ki, Hikmət Hacıyevin Ermənistana səfəri tarixi hadisə kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, indiyədək Ermənistana səfər edən ən yüksək səviyyəli Azərbaycan rəsmisi baş nazirin müavini Şahin Mustafayev olub. Bu baxımdan Prezidentin köməkçisinin səfəri Bakı-İrəvan təmaslarının yeni mərhələyə keçdiyini göstərir.
Politoloq görüşün iki mühüm məqamla diqqət çəkdiyini vurğulayıb. O qeyd edib ki, səfərin Ermənistanda keçirilən parlament seçkilərindən sonra baş tutması rəsmi Bakının seçkilərin nəticələrini qəbul etdiyinə dair mesaj kimi qiymətləndirilə bilər. Bu, həm də son vaxtlar Prezident İlham Əliyevin seçkilərdən sonra Ermənistanın baş nazirini təbrik etməməsi ilə bağlı müzakirələrə dolayı cavab hesab oluna bilər.
T.Rzayev görüşün məhz Dilican şəhərində keçirilməsini də təsadüfi saymayıb. Onun sözlərinə görə, Tavuş vilayətində yerləşən Dilican Ermənistanın ən sakit və mənzərəli bölgələrindən biri olmaqla yanaşı, Azərbaycan sərhədinə yaxın ərazidə yerləşir. Delimitasiya və demarkasiya prosesinin uğurla davam etdiyi regionda görüşün keçirilməsi də xüsusi əhəmiyyət daşıyır.
Politoloq bildirib ki, tərəflər görüş zamanı Azərbaycan-Ermənistan sülh gündəliyinə aid məsələləri müzakirə edib, regionda davamlı sülh və sabitliyin təmin olunması üçün ikitərəfli dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu tədbirləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında danışıqlar dövlət rəsmiləri, delimitasiya və demarkasiya komissiyaları, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri səviyyəsində üç istiqamətdə aparılır. Bu istiqamətlərin hər biri yekun sülhün davamlı və dayanıqlı olması baxımından mühüm rol oynayır.
T.Rzayev qeyd edib ki, Hikmət Hacıyev və Armen Qriqoryan işçi səviyyəsində təmasların davam etdirilməsi barədə razılığa gəliblər və növbəti görüşün Azərbaycanda keçiriləcəyini təsdiqləyiblər. Ekspert bunu tərəflər arasında qarşılıqlılıq prinsipinin formalaşmasının göstəricisi kimi qiymətləndirib.
Politoloq hesab edir ki, gələcəkdə Armen Qriqoryanın da Azərbaycana səfəri mümkündür. Onun fikrincə, Bakı diplomatik normalara və təhlükəsizlik tələblərinə riayət etməklə belə təmasların təşkilinə hazırdır.
Ekspert sonda vurğulayıb ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi, delimitasiya və demarkasiya prosesinin davam etdirilməsi, liderlər səviyyəsində görüşlərin təşkili və yekun sülh müqaviləsinin imzalanması kimi məsələlər baxımından Bakı ilə İrəvan arasında davamlı dialoq mexanizminin qorunub saxlanılması xüsusi əhəmiyyət kəsb edir.