Bu, 7 il öncə çəkilmiş şəkildir, amma hazırda aktual olan bir səbəbdən günün fotosu sayıla bilər.
Şəkildə gördüyünüz şəxslərin hamısı vaxtilə Ukraynaya rəhbərlik ediblər.
Şəkildə soldan sağa Ukraynanın 5-ci prezidenti Petro Poroşenkodur (2014-2019). Onun sağında 3-cü prezident Viktor Yuşşenko (2005-2010), 2-ci prezident Leonid Kuçma (1994-2005), 1-ci prezident Leonid Kravçuk (1991-1994), lap sağda isə 6-cı prezident Volodmir Zelenskidir (2019 – hazırkı dövr). Bu sırada yalnız 4-cü prezident Viktor Yanukoviç (2010-2014) yoxdur.
Yanukoviç Ukraynada “vətən xaini” hesab olunur, çünki hakimiyyətdə olduğu dövrdə və ondan sonra özünü Rusiyanın canişini kimi aparıb və devrilib. (Əslində Rusiya-Ukrayna müharibəsinin əsas səbəblərindən biri də onun hakimiyyətdən uzaqlaşdırılması və Kremlin bunu həzm etməməsidir).
Bu şəkildə görünənlərin yalnız biri – Leonid Kravçuk həyatda deyil. O, 2022-cü ildə, 88 yaşında vəfat edib.

Bu şəkildəki eks-prezidentlər və hazırkı prezident 2019-cu ildə ölkənin Müstəqillik Günü münasibətilə keçirilən qəbulda bir araya gəlib, bu təntənəli günü şampan şərabı ilə qeyd ediblər.
Dünən isə Ukraynanın sabiq prezidentləri Leonid Kuçma və Viktor Yuşenko Polşa Respublikasının ən yüksək dövlət mükafatı olan "Ağ Qartal" ordenini Polşa hakimiyyətinə qaytarmaq qərarlarını elan edərək, hazırkı prezident V.Zelenski ilə həmdəyliklərini ifadə ediblər.
Məlum olduğu kimi, Polşanın yeni prezidenti Karol Navrotski Zelenskini “Ağ Qartal” ordenindən məhrum edəcəyini bəyan edib və Zelenski dərhal həmin ordeni Polşaya qaytarıb. Onun ardınca sələfləri də eyni addımı atıb, uyğun bəyanat yayıblar.
Onlardan başqa, bir sıra Ukrayna rəsmiləri də Polşa dövlət mükafatlarından imtina etmək qərarına gəliblər. Onların arasında səfir, xairici işlər naziri, Zelenskinin ofis rəhbəri və digərləri də var.
Bu, fenomenal həmrəylikdir. Ukraynanı Rusiyadan fərqləndirən amillərdən biri də budur ki, sabiq prezidentlər ölkə üçün həlledici anlarda həmrəylik nümayiş etdirə, xalqın, dövlətin mənafeyindən çıxış edə bilirlər.