Sosial şəbəkələrdə sürətlə yayılan "12 avqust 2026-cı ildə Yerin cazibə qüvvəsi 7 saniyəlik yox olacaq" iddiası milyonlarla istifadəçi arasında narahatlıq yaradıb. Müzakirələrin artmasından sonra NASA və fizika mütəxəssisləri məsələ ilə bağlı açıqlama verərək bu iddiaların elmi əsası olmadığını bildiriblər.
News365.az xarici mediaya istinadən xəbər verir ki, bu məlumatların qısa müddətdə geniş yayılmasından sonra istifadəçilər "12 avqustda nə baş verəcək?", "Cazibə qüvvəsi həqiqətən yox olacaqmı?" və "İnsanlar havaya qalxacaqlarmı?" kimi suallara cavab axtarmağa başlayıblar.
Yaranan müzakirələrdən sonra ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məsələyə münasibət bildirib.
NASA nümayəndəsi faktların yoxlanılması ilə məşğul olan "Snopes" platformasına açıqlamasında Yerin cazibə qüvvəsinin hətta bir anlıq belə yox olacağına dair heç bir elmi sübutun mövcud olmadığını vurğulayıb. Qurum qeyd edib ki, sosial şəbəkələrdə yayılan bu iddialar həqiqəti əks etdirmir və elmi əsasdan məhrumdur.