Gürcüstanda çörəyin və un məmulatlarının qiymətləri artıb.
News365.az xəbər verir ki, ölkədəki supermarket şəbəkələrində standart 410 və 530 qramlıq çörəklərin qiymətləri 5-10 tetri artıb.
Gürcüstan Çörəkçilər Assosiasiyasının sədri Malxaz Dolidze bildirib ki, çörəyin qiymətinin artması unun bahalaşması və işçilərin maaşlarının artırılması ilə əlaqədadır.
“Ötən il unun bir kisəsinin orta qiyməti 52 lari idisə, bu gün 60 lari civarındadır. Bundan əlavə, işçilərin maaşı da var. Bu da istehsalçılara qiyməti dəyişməyə əsas verir”, - deyə Dolidze bildirib.
Onun sözlərinə görə, unun qiyməti aşağı düşərsə, çörəyin də qiyməti müvafiq olaraq tənzimlənəcək: “Ona görə də ictimaiyyət mövcud vəziyyətə anlayışla yanaşmalıdır”.
Qeyd edək ki, çörək Gürcüstanda ən sabit məhsullardan biri olaraq qalır. Təkcə paytaxt Tbilisi gündə 400 tona qədər çörək məhsulları istehlak edir.