Cənubi Qafqazda əsas güc mərkəzi Azərbaycandır, Aİ isə təsirini artırmağa çalışır

Cənubi Qafqazda əsas güc mərkəzi Azərbaycandır, Aİ isə təsirini artırmağa çalışır
10:09

İrəvanda keçirilən beynəlxalq siyasi tədbir və regionda artan geosiyasi fəallıq Cənubi Qafqazda yeni güc balansı müzakirələrini yenidən gündəmə gətirib. Mövcud proseslər fonunda həm Avropa İttifaqının, həm də Ermənistanın atdığı addımların arxasında hansı məqsədlərin dayandığı diqqət mərkəzindədir.

“Avropa Siyasi Birliyi” çərçivəsində regionda baş verən proseslər müəyyən siyasi məqsədlərə xidmət edir.

Bunu Milli Məclisin deputatı Aydın Hüseynov News365.az-a açıqlamasında deyib.


Deputat bildirib ki, Ermənistanda seçki ərəfəsində belə tədbirlərin keçirilməsi təsadüfi deyil və həm Avropa İttifaqı, həm də Ermənistan üçün müəyyən siyasi manevr imkanları yaradır:

“Bu proseslər həm Ermənistan, həm də Avropa İttifaqı üçün siyasi məqsədlər daşıyır. Avropa İttifaqı Cənubi Qafqazda, xüsusilə Ermənistan vasitəsilə təsir imkanlarını genişləndirmək istəyir. Tarixən Ermənistan müxtəlif güc mərkəzləri tərəfindən siyasi alət kimi istifadə olunub”.

Aydın Hüseynovun sözlərinə görə, Ermənistan isə bu vəziyyətdən istifadə edərək öz mövqelərini gücləndirməyə və Avropa ilə inteqrasiyanı sürətləndirməyə çalışır:

“Rəsmi İrəvan eyni zamanda özünə yeni dayaq axtarır və Rusiyanın Cənubi Qafqazda zəifləyən mövqeyindən faydalanmağa cəhd edir”.

Deputat hesab edir ki, Avropa İttifaqının əsas məqsədi tam şəkildə sülhün təmin olunması deyil:

“Mən inanmıram ki, Avropa İttifaqı bölgədə yalnız sülhə nail olmağa çalışır. Burada daha çox geosiyasi maraqlar ön plandadır”.

O vurğulayıb ki, Cənubi Qafqazda hər hansı təşəbbüsün həyata keçirilməsi üçün Azərbaycanın rolu həlledicidir:

“Regionda iqtisadi, siyasi və hərbi güc mərkəzi Azərbaycandır. Kim bu bölgədə hər hansı layihə və ya prosesdə iştirak etmək istəyirsə, mütləq Azərbaycanla hesablaşmalıdır”.

Deputat əlavə edib ki, Azərbaycan Avropa üçün etibarlı enerji tərəfdaşıdır və Orta Dəhlizdə mühüm mövqeyə malikdir. O, ölkənin gələcəkdə yaşıl enerji ixracatçısına çevriləcəyini də qeyd edib.

Aydın Hüseynovun fikrincə, bu reallıqlar fonunda istənilən siyasi manevrlər Azərbaycan üçün ciddi təhdid yaratmır:

“Azərbaycan müstəqil siyasət yürüdür və milli maraqlara əsaslanan kursunu davam etdirəcək”.

Deputat sonda qeyd edib ki, Ermənistan sülh istəyirsə, əməkdaşlığa açıq olmalı və Azərbaycanın həyata keçirdiyi regional layihələrdə iştirak etməklə öz iqtisadi və siyasi gələcəyini təmin etməlidir.


Sizin reklam burada
Sizin reklam burada