Müasir dövrdə uşaqların informasiya təhlükəsizliyi və mənəvi-psixoloji sağlamlığı cəmiyyətin ən həssas mövzularından biridir. Azyaşlıların dünyası böyüklərdən fərqli olaraq eşitdikləri ilə deyil, məhz gördükləri mənzərələrlə formalaşır. Qarşıdan gələn Aşura günü ərəfəsində isə uşaqların dini ayinlərə cəlb edilməsi məsələsi yenidən ciddi müzakirələrə səbəb olub.
News365.az mövzunun aktuallığını nəzərə alaraq, uşaq psixologiyası və dini dəyərlərin aşılanması arasındakı incə cizgini araşdırıb.
Mütəxəssislər xəbərdarlıq edir ki, uşaqlar üçün emosional və gərgin səhnələr şüuraltında dərin və qalıcı izlər buraxır. Xüsusilə Aşura mərasimlərində müşahidə olunan kütləvi ağlama, fəryad, sinəvurma və bəzi hallarda qan çıxarma ilə müşayiət olunan dini ayinlər azyaşlılarda qorxu, təşviş və ciddi bədbinlik yarada bilər.
Erkən yaşlarda davamlı olaraq ölüm, faciə və kədər mövzuları ilə üz-üzə qalan uşaqların şüurunda din sevgi və mərhəmətlə deyil, qorxu simvolu kimi kodlaşır. Bu isə gələcəkdə daxili aqressiyanın və qorxu hissinin artmasına səbəb olur.
Dini nöqteyi-nəzərdən də həddi-buluğa çatmamış şəxslərə ibadət, namaz, oruc və ya hər hansı yas ayini vacib (fərz) buyurulmayıb. İslama görə din könüllülük prinsipinə əsaslanır və yetkinlik yaşına çatan hər bir fərd öz inanc seçimində sərbəstdir.
Təəssüf ki, bəzi hallarda valideynlər öz dini baxışlarını və ya hobbilərini övladlarına qəbul etdirmək üçün onlara psixoloji basqı göstərirlər. Uşaqların kütlə toplamaq və ya müəyyən ayinləri icra etmək üçün təziyə məclislərinə aparılması İslamın mahiyyətinə də tamamilə ziddir. Normal vaxtlarda uşaqların valideynləri ilə birgə məscidləri, tarixi-mədəni abidələri ziyarət etməsi müsbət hal olsa da, kütləvi matəm günlərində bu, uşaq şüurunda dinin yalnız "müharibə və qan tökmək"dən ibarət olduğu təəssüratını yaradır.
Hər bir ailənin öz övladına milli və dini dəyərləri öyrətmək hüququ var, lakin bu proses uşağın yaşı və qavrama qabiliyyəti nəzərə alınaraq aparılmalıdır. Zorla və ya psixoloji təzyiqlə heç bir faydalı vərdiş və ya inanc aşılana bilməz.
Yadda saxlamaq lazımdır ki, keçmişi anmaq və yas tutmaq böyüklərin işidir. Uşaqlar isə bizim gələcəyimizdir. Onların dünyası oyun, keyfiyyətli təhsil, elmi biliklərə yiyələnmək və dünyəvi baxışlarını inkişaf etdirmək üzərində qurulmalıdır.
Cəmiyyətin və valideynlərin bu məsələdə maksimum həssas davranması olduqca vacibdir. Əks təqdirdə, uşaqları mahiyyətini dərk etmədikləri hadisələrin iştirakçısına çevirmək gələcəyin vətəndaşının mənəvi-psixoloji inkişafını böyük təhlükə altına atır.
News365.az