Minlərlə ailənin problemi bitir: Sənədsiz evlər üçün amnistiya istəyi

Minlərlə ailənin problemi bitir: Sənədsiz evlər üçün amnistiya istəyi
12:00

Azərbaycanda 500 mindən çox sənədsiz ev var və bu problemin həlli üçün xüsusi proqram qəbul edilərək amnistiya elan olunmalıdır.

News365.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2025-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Kamal Cəfərov deyib.

Deputat bildirib ki, hesabatdan hüquqi şəxslərin əmlak vergisi üzrə 36,9 milyon manat, dövlət rüsumları üzrə isə 57,8 milyon manat az icranın qeydə alındığı görünür. Onun sözlərinə görə, sənədsiz evlər probleminin həlli bu gəlirlərin əhəmiyyətli dərəcədə artmasına imkan yarada bilər.

Kamal Cəfərov qeyd edib ki, sənədsiz evlərdə yaşayan vətəndaşlar qeydiyyata düşə, dövlət xidmətlərindən tam istifadə edə, evlərini girov qoyaraq kredit götürə və ya əmlakı vərəsəlik yolu ilə problemsiz ötürə bilmirlər.

Deputat bildirib ki, bu gün sənədsiz evlər bazar dəyərindən 20-30 faiz ucuz satılır və banklar tərəfindən girov kimi qəbul edilmir. Nəticədə vətəndaşlar öz əmlakını iqtisadi dövriyyəyə cəlb etmək imkanından məhrum olurlar.

Kamal Cəfərov Türkiyənin 2018-ci ildə həyata keçirdiyi "İmar Barış" proqramını nümunə göstərərək bildirib ki, nəqliyyat və enerji xətlərinin mühafizə zolaqlarında, riskli ərazilərdə, strateji torpaqlarda və mübahisəli ərazilərdə yerləşən evlər istisna olmaqla, digər sənədsiz evlərə çıxarış verilə bilər.

"Ona görə təklif edirəm ki, sənədsiz evlər üçün – şəhərsalma və memarlıq ilində – amnistiya elan edilsin, bununla bağlı xüsusi proqram qəbul olunsun və məsələ mərhələli şəkildə həll edilsin", – deyə deputat vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada