Ölkədə ailə institutu ciddi sınaq qarşısındadır. Rəsmi statistika nikahların kəskin şəkildə azaldığını, boşanma hallarının isə narahatlıq doğuracaq səviyyədə qaldığını göstərir. Milli Məclisin deputatı cəmiyyəti düşündürən bu acınacaqlı mənzərəyə sərt reaksiya verib.
News365.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı son məlumatlar ölkədəki demoqrafik və sosioloji vəziyyətin həyəcan təbili çaldığını nümayiş etdirir.
Rəsmi rəqəmlərə əsasən, bu ilin ilk dörd ayında Azərbaycanda cəmi 11 min 422 nikah bağlandığı halda, boşanmaların sayı 6 min 443 təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikah sayı kəskin azalaraq 4,4-dən 3,4-ə enib. Boşanma əmsalı isə cüzi fərqlə (2,0-dan 1,9-a) sabit qalıb ki, bu da qurulan hər iki ailədən birinin dağılması deməkdir.
Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa cəmiyyətdəki boşanma statistikasının anormal həddə çatdığını bildirib. O vurğulayıb ki, dağılan ailələrin arxasında təkcə real münaqişələr deyil, həm də süni xarakterli səbəblər dayanır:
"Bu məsələnin sosioloji tərəfi cəmiyyətdə xeyli müzakirə olunmalıdır. Biz sağlam və nümunəvi ailə modelinin təbliğatını gücləndirməliyik. İnsanlar dərk etməlidir ki, ailə qurmaq və ya onu dağıtmaq bu qədər bəsit olmamalıdır. Boşanmaların bu templə çoxalmasının qarşısını mütləq almalıyıq".
Deputat ailələrin dağılmasında əsas günahı maddi çətinliklərdə görmür. Onun sözlərinə görə, problem daha çox mental və mənəvi uyuşmazlıqdan qaynaqlanır:
"Ailənin davamlılığının qorunması artıq ciddi qəbul olunmur. Burada sosial problemlər əsas rol oynamır. Çünki bir-birinə hörmət edən, sevən insanlar ən çətin, kimsəsiz mühitdə belə bir-birinə dəstək olub yaşayırlar. Əsas səbəb mental uyuşmazlıqdır. Biz insanlara sağlam ailə dəyərlərini düzgün şəkildə aşılamalıyıq".