"ABŞ və İran arasında anlaşma memorandumunun imzalanması barədə razılığa gəlinməsi Yaxın Şərq regionunda gərginliyi əhəmiyyətli dərəcədə azalda bilər. Bütün dünyanın bu razılaşmanı alqışlaması da bunun göstəricisidir".
Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev News365.az-a deyib.
Deputat bildirib ki, Azərbaycanın Xarici İşlər
Nazirliyi də bəyanat yayaraq bu razılaşmanı dəstəkləyib. Nəzərə alaq ki, İran
Azərbaycanın yaxın qonşusudur və bu ölkədə milyonlarla soydaşımız yaşayır.
Regionda gərginlik istər istəməz ətraf bölgələrə də təsir edir. Amma İranla
bağlı böhran bütövlükdə dünya iqtisadiyyatına ciddi təsir göstərirdi. Çünki
Hörmüz boğazının bağlı qalması dünya ticarətinə mənfi təsir edirdi.
Tərəflər arasında əldə edilmiş razılaşma isə İran zənginləşdirilmiş
uran ehtiyatları, Hörmüz boğazının açılması və digər problemləri özündə əks
etdirir.
Yekun danışıqlar İranın dondurulmuş vəsaitlərinin
yarısının azad edilməsindən, İran neftinə tətbiq edilən sanksiyaların
dayandırılmasından və dəniz blokadasının aradan qaldırılmasından əvvəl
başlamayacaq. Yekun razılaşma yalnız zənginləşdirilmiş materialların taleyi, zənginləşdirmə,
sanksiyaların ləğvi və İran iqtisadiyyatının bərpası proqramı ilə bağlı olacaq.
İranın raket proqramı və müqavimət qruplarına dəstək məsələsi isə tam şəkildə
gündəlikdən çıxarılıb.
Bu razılaşma Amerika ilə İran arasında vasitəçilik
edən dost Pakistanın səyləri tərəflərin mövqelərini yaxınlaşdırdı və belə bir
razılaşma əldə olundu. Pakistan hələ aprel ayında tərəflər arasında görüşə ev
sahibliyi etmişdi. Həmin görüş nəticəsiz başa çatsa da, İslamabad geri çəkilmədi,
vasitəçiliyini davam etdirdi. Ona görə də, Azərbaycanla Türkiyə qardaş
Pakistanın səylərini yüksək qiymətləndirir.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan
dünyada, o cümlədən yaxın regionumuzda sülh və sabitliyin tərəfdarıdır. Ölkəmiz
hər zaman bu mövqeyini nümayiş etdirib. Təsadüfi deyil ki, Azərbaycan bir sıra
qarşı duran tərəflər arasında vasitəçilik edib, eləcə də onların görüşlərinə
evsahibliyi edib. Buna nümunə olaraq, ABŞ - Rusiya, NATO - Rusiya, İsrail -
Suriya nümayəndələri arasında keçirilən görüşləri göstərmək olar.
"Bu baxımdan, ABŞ - İran gərginliyi ilə əlaqədar
rəsmi Bakının mövqeyi tamamilə doğrudur. Mövqe ondan ibarətdir ki, bütün
problemlər diplomatik yollarla həll edilməlidir. Münaqişənin alovlanması təkcə
tərəflər üçün deyil, bütün dünya üçün yeni fəlakətlər gətirə bilərdi. Ona görə
də, əldə edilən razılaşma böyük önəm kəsb edir. Ümid edirik ki, tərəflər bu
razılaşmalara sadiq qalaraq sülh prosesini daha da irəli aparacaqlar"-deyə,
Samir Vəliyev vurğulayıb.