Türkiyəli məşhur müğənni Kənan Doğulu narkotik vasitə istifadə etməkdə ittiham olunmasına münasibət bildirib.
News365.az-ın xəbərinə görə, o deyib ki, haqqında səsləndirilən iddialar həqiqəti əks etdirmir.
“Bu gün həqiqəti əks etdirməyən bəzi məsələlərdə mənim adım hallandırılır. Bu prosesi böyük təəssüf hissi ilə izləyirəm. Aparılan istintaq çərçivəsində prokurorluqda ifadə verdikdən və Məhkəmə-Tibbi Ekspertiza Qurumunun araşdırmalarından sonra, elə həmin gecə öz istəyimlə Səhiyyə Nazirliyinin təsdiqlədiyi bir laboratoriyada sidik, qan və saç analizləri verdim. Bu analizlərin ilk nəticəsi olan sidik testi gözlənildiyi kimi mənfi çıxdı. Qan və saç analizlərinin də eyni şəkildə nəticələnəcəyinə heç bir şübhəm yoxdur. Bütün bunları sizinlə paylaşmaq istəyirəm.
Ədalətə inamım tamdır. Bu prosesə ən qısa zamanda aydınlıq gətiriləcəyinə və həqiqətin üzə çıxacağına bütün qəlbimlə inanıram”.
Qeyd edək ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun qanunsuz narkotik vasitələrin istifadəsi ilə bağlı araşdırması çərçivəsində bəzi məşhurların test nəticələri açıqlanıb. Məlumata görə, Kənan Doğulu və qardaşı Ozan Doğulunun da daxil olduğu 8 nəfərin test nəticələri müsbət çıxıb. Bildirilir ki, Doğulu qardaşlarının saç nümunələrində kokain izləri aşkarlanıb.

