Yaxın Şərqdə davam edən gərginlik və ABŞ-İran münasibətlərində mümkün razılaşmalar ətrafında müzakirələr davam edir. Politoloq Nicat Həziyev hesab edir ki, tərəflər arasında memorandumun imzalanması artıq faktiki olaraq razılaşdırılıb və yaxın günlərdə bu proses rəsmiləşdirilə bilər.
O, News365.az-a açıqlamasında bildirib ki, memorandumun əsas şərtlərindən biri Livanda hərbi əməliyyatların dayandırılmasıdır:

“Memorandumun birinci şərti Livanda müharibənin dayandırılmasıdır və bu, qeyri-şərtsiz tələb kimi irəli sürülür”.
Politoloq qeyd edib ki, buna baxmayaraq, bölgədə hücumlar hələ də davam edir:
“Gecə ərzində İsrail həm Livan ərazilərini, həm də Qəzza sektorunu bombalayıb. Bu isə göstərir ki, müharibə hələ tam dayanmayıb”.
Nicat Həziyev İsrailin razılaşmaya tam əməl edəcəyinə dair şübhələrin olduğunu da vurğulayıb:
“İsrail hesab edir ki, danışıqlar zamanı onunla tam razılaşdırılmış mexanizm olmayıb və ortada ciddi təminatlar yoxdur. Bu səbəbdən də sazişə tam əməl edilməyəcəyi ilə bağlı ehtimallar var”.
Onun sözlərinə görə, hazırda həm ABŞ, həm də İran tərəfindən daha çox siyasi və populist xarakterli açıqlamalar səsləndirilir:
“Hər iki tərəf ictimaiyyət qarşısında sərt və maksimalist mövqe nümayiş etdirməyə çalışır. Müharibəyə hazır olduqları görüntüsü yaradılır. Amma bu daha çox siyasi ritorikadır”.
Politoloq hesab edir ki, bütün bu açıqlamalara baxmayaraq, tərəflər razılaşmanın əldə olunmasında maraqlıdır:
“Mən düşünürəm ki, bu gün olmasa da, yaxın günlərdə memorandum rəsmən imzalanacaq. Faktiki razılaşma artıq mövcuddur”.
Nicat Həziyev əlavə edib ki, İran üçün bu memorandum kifayət qədər əlverişlidir:
“İran tərəfinin bu sazişdən geri çəkilmək istədiyini düşünmürəm. Çünki memorandum Tehran üçün həm siyasi, həm də strateji baxımdan sərfəli hesab olunur”.